Azərbaycan dövləti dünyanı təhdid edən koronavirus pandemiyası ilə mübarizədə üzü ağ çıxdı. Azərbaycan prezidentinin uzaqgörən siyasəti sayəsində bütün lazımi və önləyici tədbirlər görülərək, ölkəmizin vətəndaşını qorumaq şərti ilə biz epidemiyanın inkubasiya və kuliminasiya dövrünü artıq geridə qoymuşuq. Azərbaycan bunu dünyaya və özünə sübut edə bildi. 
Epidemiya Çindən dünyaya yayılmağa başladığı andan ölkə rəhbərimizin çevik, müdrik və önləyici tədbirləri sayəsində epidemiyanın ölkəmizdə yayılma riskini minimuma endirdi. Bu yorulmaz fəaliyyət cənab Prezidentin ölkə qarşısında məsuliyyətinin və liderlik keyfiyyətinin göstəricisidir. Sözsüz ki, bu qabaqlayıcı və düşünülmüş tədbirlərin həyata keçirilməsinin müsbət nəticələri göz önündədir.

ANCAQ BİZİ DÜŞÜNDÜRÜR Kİ, DÜNYA BU EPİDEMİYANIN YENİ DALĞASI İLƏ ÜZLƏŞƏ BİLƏR, YOXSA YOX? VƏ YAXUD DA YAŞADIĞIMIZ QLOBAL DÜNYADA VƏ ƏHATƏ OLUNDUĞUMUZ QONŞU DÖVLƏTLƏRDƏ DƏ BU EPİDEMİYADAN BELƏ RAHAT YAN KEÇƏ BİLDİLƏR Mİ?

Hal-hazırda Azərbaycanda iqtisadiyyatın inkişafı yüksək templə davam etməsinə baxmayaraq bizim qonşu ölkələrimizin virus-epidemiyası ilə mübarizəsində həm iqtisadiyyatının sürətlə aşağı düşməsi, həm də virusun yayıla riski qarşısının alına bilməməsi sözsüz ki, bizim ölkə iqtisadiyyatına da gələcəkdə təsir edən amillərdəndir. Pandemiya bitdikdən sonra biz dünyadan təcrid olunmuş şəkildə yaşaya bilmərik. Bu yaranmış vəziyyət bundan sonra qonşu ölkələrimizlə olan iqtisadi, ticarət əlaqələrimizin yenidən inkişafla davam etməsinə ciddi təsir edəcək. Çünki qonşu ölkələrimizin epidemiya ilə mübarizəsini, həmçinin virusun qarşısının alınmasında gördüyü zəif, gecikmiş və düşünülməmiş tədbirləri sezmək heç də çətin deyil. 
Güclü iqtisadiyyat dövriyyəsi olan, ərazisi və əhalisi Azərbaycandan daha çox olan qonşu ölkələrimizin koronavirus epidemiyası ilə mübarizədə gördüyü tədbirlərə, bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzər salsaq görərik ki, həmin ölkələrin vətəndaşlarına dəyən maddi və mənəvi ziyanın ödənilməsinə yetməməsi, həmçinin ayrılan vəsaitin xərclənməsi pandemiya dövründə vətəndaşın sağlamlığının təhlükə qarşısında qalmamasına yönəlsə də, bu bəşəri problemin həllində atılan addımların düşünülməmiş qəbul edilən qərarlarının təzahürüdür. Apardığımız araşdırmalar bu gerçəkləri göstərir. Məsələn, Çindən sonra İranı ağuşuna alan yaxın qonşumuz olan İran İslam Respublikası tərəfindən virusa qarşı mübarizə üçün dövlət büdcəsindən ümumilikdə 321milyon dollar vəsait ayrılıb ki, bu da Azərbaycan höküməti tərəfindən düşünülmüş siyasətlə ayrılan vəsaitlə müqayisədə dəfələrlə azdır. Buradan aydın görünür ki, bu vəsaitlə virusun qarşısını alınması qeyri-mümkündür. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan dövləti tərəfindən humanitar əsaslarla İrana 5 milyon manat yardım edilib. Bu çətin dönəmdə Prezidentimizin qonşu tərəfdaş olduğumuz ölkələrə olan səmimi diqqətini və liderlik keyfiyyətini görmək olar. 
Bundan əlavə qonşu ölkələrimizdən Türkiyə Respublikası tərəfindən koronavirusla mübarizəyə 158 milyon dollar, Rusiya höküməti tərəfindən 4 milyard dollar, Gürcüstan dövləti tərəfindən 1 milyon dollar vəsait ayrılıb ki, bu da pandemiya ilə mübarizə üçün az bir vəsait olduğundan qarşısıalınmaz bir vəziyyətin göz önündə olmasıdır. Ermənistan isə bu epidemiya ilə mübarizəsində qonşu ölkələrdən gələn yardımı və Avropa İttifaqından ayrılan 92 milyon avronu gözləyir. Nəticə olaraq görünür ki, yaxın tərəfdaşımız olan İranın virusdan tam qurtulduğunu hələ düşünmək çətindir. Ən yaxın müttəfiqimiz olan qardaş ölkə Türkiyənin də hələ bu virusu yenməsini demək tez olar. Rusiya və Gürcüstanda da virusun hələ inkubasiya dövrü davam etdiyindən yaxın günlərdə müsbət nəticə əldə olunmasına inanırıq. Ermənistanda da virus-epidemiyasının yayılma riski hər gün daha da sürətlənir.
AZƏRBAYCAN DÖVLƏTİ SON İLLƏRDƏ VƏ PANDEMİYA DÖVRÜNDƏ DAHA NƏLƏR ETDİ?
Pandemiya dövründə dövlət tərəfindən ölkəyə maddi ziyan verə biləcək bütün fəaliyyət istiqamətləri nəzərə alınaraq kiçik və orta sahibkarlara, aztəminatlı və imtiyazlı ailələrə, həmçinin müvəqqəti işsiz qalanlara son illərdə icra olunan sosial-iqtisadi islahatların davamı olaraq dövlət büdcəsindən 2 mərhələyə bölünərək ümumilikdə 5 milyard manat vəsait ayrılaraq, həmin vəsaitin insanlara, ölkənin dəyərli sərvəti olan vətəndaşına ödənilməsi həyata keçirilməkdədir. Bununla yanaşı virus-epidemiyasının qarşısının alınmasında öncədən ölkəyə gətirilən müasir təcili tibbi avadanlıq və texnikaların, koronavirus xəstələrinin müalicəsi üçün yeni dünya standartlarına cavab verən müasir xəstəxanaların tikilməsi ilə bağlı qəbul edilmiş vacib qərarlar dövlətin administrativ resurslarından vaxtında və düzgün istifadəsinin nəticəsidir. 
Dünyanı ağuşuna alan virus epidemiyasından öz vətəndaşlarını qorumaq üçün Azərbaycan dövləti bu istiqamətdə tədbirlər proqramının həyata keçirilməsi üçün qonşu dövlətlərdən fərqlənərək, müxtəlif sərəncamlarla ümumilikdə 6 milyard 34 milyon 800 min manat dövlət büdcəsindən vəsait ayırmışdır ki, bu da 2018-ci ildən cənab Prezident tərəfindən qəbul edilmiş və icrası davam edən sosial siyasətin ardı kimi qiymətləndirilir.
2018-ci ildə İlham Əliyev yenidən Prezident seçiləndən dərhal sonra sosial paketin ilk təzahürü Cənab Prezidentin 2018-ci il aprelin 18-də imzaladığı sərəncamla başladı. Aztəminatlı və imtiyazlı ailələrə, həmçinin şəhid ailələrinə, qarabağ əlillərinə və məcburi köçkünlərə birdəfəlik ödəmələr həyata keçirilmişdir. 
Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı. Dövlət başçısının keçən ilin 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başlandı və yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə etmişdir. Bütövlükdə, prezident sərəncamları ilə əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb oldu. Əmək haqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artırdı. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı. Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi.
Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə sosial paketin davamı olaraq martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən ibarət olan pensiyaçıları da əhatə edir. Yanvar və fevral aylarında növbəti dəfə pensiyaların artımı ila bağlı əlavə olaraq 15 milyon manat vəsait ayrılmışdır. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edərək, onlardan 9 min nəfərin pensiyasında 93 faiz , 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz artım özünü göstərmişdir. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür. Azərbaycanda minimum əmək haqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə Şərq Tərəfdaşlığı ölkələri arasında birinci yeri tutur. Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal Rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 39-cu, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək lazımdır. 
2019-cu ilin əvvəlində 40 min ailə bu sosial paket proqramından yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən iki dəfə artım əldə edildi. Digər tərəfdən, 2019-cu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılıb həyata keçirildi. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar. 
2019-cu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi məqsədlərinə 1,5 milyard manat ayrılmışdır. 
Dövlət başçısının "Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncamına əsasən ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılmışdır. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bu da dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə müəyyən edilmiş əməkhaqqının orta hesabla 40 faiz artırılmasına imkan verir. Ümumilikdə minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə etmişdir. Ölkədəki mütərəqqi sosial siyasəti özündə növbəti dəfə bariz şəkildə ehtiva edən keçən ildə qəbul olunmuş son qərarlar ümumilikdə 2 milyon insanı əhatə etmişdir.

PANDEMİYA VƏ ONDAN ƏVVƏLKİ DÖVRDƏ QONŞU ÖLKƏLƏRDƏ HANSI SOSİAL SİYASƏT HƏYATA KEÇİRİLİB?
Qonşu ölkələrdə pandemiya və ondan əvvəlki illərdə ölkə əhalisinin aztəminatlı və işsiz təbəqələrinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlərlə bağlı apardığımız araşdırmalarda maraqlı faktları qeyd etmək olar. Ümumilikdə son illərdə Azərbaycanda davam edən sosial-iqtisadi islahatların, əhalinin ümumi rifah göstəricilərinin yüksək tutulmasında görülən kompleks tədbirlərdən fərqli olaraq, qonşu ölklərdə belə islahatların baş verməsi hallarına rast gəlmək çətindir. Təkcə pandemiya dövründə qonşu ölkələrimizdən sadəcə Rusiya höküməti cuzi olaraq ölkə vətəndaşının aztəminatlı hissəsinə yardım etməyi planlaşdırıb. Bundan başqa qonşu ölkələrdə nəinki pandemiyadan əvvəl, hətta pandemiya dövründə belə ölkə vətəndaşının aztəminatlı və işsiz təbəqəsinə dövlət tərəfindən maddi rifah halının gücləndirilməsi istiqamətində ciddi tədbirlər görülməyib. Bu faktları MDB dövlət statistika komitəsinin rəsmi statistik məlumatlarında görmək mümkündür. 
Beləliklə, Azərbaycan Respublikası tərəfindən son iki ildə aparılan sosial-iqtisadi islahatların, eyni zamanda Prezidentimizin ardıcıl apardığı daxili və xarici siyasətinin, əhalinin sosial rifahının yaxşılaşdırılmasında planlaşdırılan və prioritet tədbirlərin həyata keçirilməsinin məntiqi nəticəsi onu göstərir ki, dövlətin zaman-zaman sosial siyasətində apardığı yeniliklər və sosial rifahın coğrafiyasının genişlənməsi müasir dayanıqli inkişafın adekvat təzahürüdür. Bu inkişafdan və aparılan siyasətin düzgünlüyündən Azərbaycan vətəndaşının dövlətə inamı və məmnunluğu daha da əminliklə hiss olunmaqdadır.

 

Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırov