AZƏRBAYCAN DÜNYADA BƏŞƏR SİVİLİZASİYASININ İLKİN MEYDANA GƏLDİYİ ƏRAZİLƏRDƏN BİRİDİR

Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

HƏR İL 18 APREL BEYNƏLXALQ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ AZƏRBAYCANDA DA GENİŞ QEYD OLUNUR.

Çox qədim zamanlardan İnsanların tikib qurduğu abidələr, yaşadığı məskən saldığı yerlər onların həyat tərzi bizlərə çox şey söyləyir. Bu maddiyyat xalqlara kimliyini, nəyə qadir olduğunu, ulu əcdadlarından danışır.
Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Bunu ölkəmizdə aparılan arxeoloji qazıntıların nəticələri də göstərir. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır. Azıx mağarasından (Paleolit dövrü) tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Tağlar mağarası (Arxeoloqlarla yanaşı paleontoloqların, paleogeoloqların, paleocoğrafiyaçıların və paleobotaniklərin iştirakı ilə aparılan qazıntılar zamanı buradan daş, tunc, mis dövrlərinə və orta əsrlər dövrünə aid maddi sübutlar tapılmışdı). Bundan başqa Qobustanda (Burada Mezolit və orta əsrlər dövrünə aid abidələrə rast gəlmək olur) aşkar edilmiş yaşayış məskənləri də bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Ölkəmizin ərazisində Manna, (Manna e.ə. ııı-ıı minilliklərdə bu regionda mövcud olmuşdur) daha sonralar Atropatena dövlətlərinin (e.ə 321- 224) yaranması ilə bağlı şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası ( e.ə IV- b.e 705) dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala (IV-VI əsrlər), Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun XII əsr), (Qarabağlar XII-XIV əsrlər), (Gülüstan XIII əsr), (Bərdə 1322-ci il) türbələri, (Şirvanşahlar sarayı XIII-XVI əsrlər), (Şəki xan sarayı 1761-1762), Şuşa şəhərinin abidələri (Tunc və ilk dəmir dövründən başlayaraq XIII əsrləri əhatə edir) və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Qobustan, (Tədqiqatçıların gəldiyi qənaətə görə bəşəriyyətin inkişafının ilkin çağlarında yaranmışdır.), Gəmiqaya (burada e.ə.III-I minilliklərə aid qayaüstü rəsmlər-piktoqramlar (qədim yazılar) var, İstisu qayaüstü təsvirləri (e.ə III minilliyə aid olan qayaüstü təsvir), Oğlanqala (Oğlanqaladan eradan əvvəl 1-ci minilliyin ikinci yarısı və eramızın 1-2-ci əsrlərinə aid tufdan hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və sairə maddi mədəniyyət materilları da toplanmışdır.), Cavanşir (VIII əsr), Əlincə (VII-IX əsrlər), Buğurd (XII-XV əsrlər), Gələrsən-görərsən (XII əsr), kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr (1162), Olcaytu (1312), Xudabəndə (XIV əsr) məqbərələrimiz, Göy məscid (Təbriz 1465 ci il), Göy məscid (İrəvan 1764-68 ci il), Şah Abbas məscidi (1601-1606), Gövhərağa məscidi (1750-1883 inşası dörd mərhələdə həyata keçirilmişdir), Cümə məscidi Şamaxı şəhəri 743-744), Təzəpir məscidi (1905-1914) kimi dini ibadətgahlarımız, Həşt-behişt (Səkkiz Cənnət 1669-ci il), Şirvanşahlar, İrəvan Sərdar sarayı (XVI-XVII əsr), Şəki xan sarayı (1761-1762) kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər.

Aparılan elmi araşdırmalar zamanı milli dəyərlərimizi özündə əks etdirən çoxlu arxeoloji material aşkar olunmuşdur. Belə arxeoloji materiallar içərisində qədim təsviri incəsənətimizin tərkib hissəsi olan sənətkarlıq nümunələri mühüm yer tutur. Arxeoloji abidələrimizdən tapılan gil qablar, xəncərlər, heykəllər, bəzək əşyaları, qayaüstü təsvirlər bu tip arxeoloji materiallardan olub, qədim və zəngin mədəniyyətimizi özündə yaşadan sənət nümunələridir.

Naxçıvandakı Qızılburun (e.ə II-I minilləklər), II Kültəpə (orta tunc-son tunc dövrü), Nəhəcir (tunc dövrü-dəmir dövrü), Şahtaxtı (e.ə III-I minilliklər) və digər abidələrdən tapılan gil qablardan bir qrupunda milli dəyərlərimizlə bağlı maraqlı süjetlər əks olunmuşdur. Qızılburun abidəsindən əldə olunmuş boyalı küpələrdən birinin üzərində həndəsi naxışlarla yanaşı, qarşı-qarşıya dayanmış və qolları dirsəkdən bükülmüş insanlar təsvir edilmişdir. Təsvirdəki insanlardan birinin bir əli yuxarı qalxmış, digər əli isə yanındakı insanın dizi üzərinə qoyulmuşdur. Qobustan qayaüstü təsvirlərində olduğu kimi, bu qabın üzərindəki təsvirdə də xalqımızın qədim milli dəyərlərindən olan yallı rəqsi əks olunmuşdur. Musiqinin milli-mənəvi dəyərlərimizin əsasını təşkil etdiyi sübut olunur.

Milli dəyərlərimizin öyrənilməsində gil fiqurlar, qədim heykəltəraşlıq sənətini özündə əks etdirən arxeoloji nümunələr böyük əhəmiyyət daşıyır. Bu arxeoloji nümunələr Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da heykəltəraşlıq sənətinin tarixinin qədim olduğunu sübut edir. Onlar içərisində öküz, at, qoç kimi heyvan fiqurları daha çoxdur. I Kültəpə (neolit, eneolit dövrü), I Maxta (tunc dövrü -antik dövr) və digər abidələrdən aşkar olunmuş bu tip arxeoloji materiallarda insanların maddi mədəniyyəti ilə yanaşı, mənəvi mədəniyyəti, dini inanclar sistemi də əks olunmuşdur. I Maxta yaşayış yerindən tapılmış Erkən Tunc dövrünə aid at fiquru Anadoludakı Karaz, Boğazqala arxeoloji abidələrindən tapılmış at fiqurları kimi yüksək sənətkarlıq bacarığı ilə düzəldilmişdir. Naxçıvan Muxtar Respublikasındakı Gəmiqaya abidəsində çoxlu qayaüstü təsvirlər vardır. Gəmiqaya abidəsində qeydə alınmış maraqlı qayaüstü təsvirlərdən birini canavarın keçiyə hücum etməsi təşkil edir. Bu təsvirdə canavarla keçi arasında uzun dalğalı xətt çəkilərək mənəvi dəyərlərimizin tərkib hissəsi olan inanclar sistemimiz əks olunmuşdur. Təsvirdə bütün türk xalqları arasında geniş yayılan “qurd ağzı bağlanılması” ayininin verildiyi fikrindəyik.

Milli mədəniyyət abidələrimizin zəngin olduğu qədim tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda torpaqlarımızın 20 faizi işğal edildikdən sonra erməni hərbi birləşmələri tərəfindən tarixi abidələrimiz vəhşicəsinə dağıdılmışdır. Zəbt olunmuş torpaqlarımızda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.

Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda (V əsr) 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda (XVIII tikildiyi fərz olunur) 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda (XIV əsr) 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda (III əsr ) 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır.AZƏRBAYCANDA 6308 TARİXİ ABİDƏ VAR, BUNLARIN 65-İ DÜNYA ƏHƏMİYYƏTLİ, 2034-NÜN ÖLKƏ, 4209-U YERLİ ƏHƏMİYYƏTLİ DAŞINMAZ TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏSİDİR.

İÇƏRİŞƏHƏR MEMARLIQ KOMPLEKSİ, XAN SARAYI VƏ ŞƏKİNİN TARİXİ MƏRKƏZİ, QOBUSTAN DÖVLƏT TARİXİ-BƏDİİ QORUĞU UNESCO-NUN DÜNYA İRSİ SİYAHISINA DAXİL EDİLİB. QOBUSTANDAKI MUZEY İSƏ 2013-CÜ İLDƏ AVROPANIN ƏN YAXŞI MUZEYLƏRİ SIRASINDA OLUB.

Bir məqalə ilə ölkəmizdə olan bütün tarixi-mədəni abidələr barədə ətraflı məlumat vermək mümkün deyil, lakin xalqımızın qədim tarixini və mədəniyyətini əks etdirən abidələrimizlə Azərbaycan xalqının bəşər mədəniyyətinə saysız töhfələr vermiş böyük tarixi mövcuddur. Tariximiz, yaşadığımız zəngin mədəniyyətimiz ulu əcdadlarımızdan qaynaqlanan müasir inkişafımızı şərtləndirdiyi üçün keçmişimizə hörmət və sayqıyla müasir inkişafı, təkamülü önləməliyik.

Resurs Analitik İnformasiya Mərkəzi mətbuat xidməti