Tbilisidə azərbaycanlı və gürcü gənclərin əsərlərindən ibarət sərgi açılacaq

Dekabrın 24-də Tbilisidə A.Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Muzeyində azərbaycanlı və gürcü gənclərin “Palitra İnteqrasiya-2021” adlı sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə Marneulidəki “Çay Evinin” rəsm və xalçaçılıq kursunun gənclərinin əl işləri və Rəssamlıq Akademiyasının nəzdində yaradılmış “Mavi süfrə” adlı dekorativ incəsənət nümunələri nümayiş etdiriləcək.

Sərginin təşkilatçılarından olan Emin Əhmədov bildirib ki, sərgidə eyni zamanda, xalça toxunması prosesi nümayiş etdiriləcək. Xalça dəzgahı güşəsində sərgi iştirakçıları peşəkar xalçaçının köməkliyi ilə xalça toxuya biləcəklər.

Sərginin yekununda toxunmuş xalçanın dəzgahdan kəsilmə prosesi təşkil olunacaq.

Tədbirdə peşəkar rəssamlar, yazıçılar, fotoqraflar və s. olmaqla dövlət və qeyri-hökümət təşkilatları nümayəndələri, beynəlxalq təşkilatlar və diplomatik korpusların nümayəndələri iştirak edəcəklər.

A.Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyası, İnkişaf və Təhsil Mərkəzi, Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı və “SOCAR” şirkətinin dəstəyi ilə həyata keçiriləcək sərgidə 100-ə qədər xalça və rəsm nümunələri nümayiş olunacaq.