Rusiyalı ekspert: "Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi rəmzi məna daşıyır"

“Qoşulmama Hərəkatı kiminləsə qarşı-qarşıya gəlmək istəməyən, eyni zamanda suverenliyini qoruyub saxlamağa çalışan dövlətlərin güclü birliyidir. Uzun illərdir müxtəlif mənafeləri uzlaşdırmağa çalışaraq təzyiqlərə sinə gərərək müstəqil mövqeyində qalmağı bacaran Azərbaycanın bu gün həmin təşkilatda sədrlik etməsi rəmzi məna daşıyır”.

Bu fikirləri  rusiyalı politoloq Andrei İvanov bildirib.

Ekspertin sözlərinə görə, müstəqilliyini və dünyəvi dövlət quruluşunu saxlayan Azərbaycan mövcud imkanlarına, ehtiyatlarına uyğun aydın inkişaf yoluna malikdir və heç kimlə də qarşıdurmaya getmir. Qarabağ münaqişəsi illərində Azərbaycan daima Ermənistanla razılaşmağa çalışıb, məsələni dinc yolla həll edəcək təşəbbüslər irəli sürüb, heç vaxt da kimlərinsə geosiyasi oyunlarında iştirak etməyib: “Məhz belə prinsiplərə əməl edən Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik etməsi tam məntiqlidir”.

“Qoşulmama Hərəkatının və onun prinsiplərinin qorunub saxlanması insanda insanlığın qalması deməkdir. Azərbaycan həmin təşkilata bu çətin dövrdə duruş gətirməyə kömək etdi. Azərbaycanın sədrliyi altında təşkilat öz məramına sadiq qaldı. Bu da çox böyük töhfədir”, - rusiyalı ekspert deyib.