Möhsün Pakayin: İranın yeni hökumətinin xarici siyasət kursu Azərbaycanla əlaqələrin inkişafına imkan yaradıb

İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin “Khabar online” saytında iki ölkə arasındakı münasibətlərə həsr olunan məqalə ilə çıxış edib.

 “Tehran-Bakı dostluq münasibətlərinin qayğısına qalmaq lazımdır” sərlövhəli məqalədə İranın yeni Prezidentinin və xarici işlər nazirinin qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinin prioritet olduğunu vurğulamasının Tehran-Bakı münasibətlərində müsbət dinamikanın davam etməsi üçün yaxşı fürsət yaratdığı və İranla Azərbaycan arasındakı dostluq əlaqələrini gücləndirə biləcəyi bildirilir.

Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev qonşu dövlətlərin rəhbərləri arasında İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edən ilk liderlərindən biri idi. Azərbaycan Milli Məclisin sədri andiçmə mərasimində iştirak etmək üçün İrana səfər etmişdi. Prezident İlham Əliyev İbrahim Rəisiyə ünvanlandığı təbrik məktubunda iki ölkənin tarixi, mədəni və dini bənzərliklərinə toxunub, əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Dövlət Komissiyasının fəaliyyətinin və qarşılıqlı səfərlərin əlaqələrin inkişafında çox mühüm rol oynadığını qeyd edib. Azərbaycanın torpaqlarını azad etdiyini və iki ölkə arasındakı sərhədin bərpa olunduğunu vurğulayan Prezident İlham Əliyev yazıb ki, yeni vəziyyət ölkələr arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

Yazıda, həmçinin qeyd edilir ki, İrandakı hökumət dəyişikliyi Azərbaycan mətbuatında və ictimai rəyində də müsbət qarşılanıb. Yeni hökumətin xarici siyasət prioritetləri ilə bağlı azərbaycanlı ekspertlərin çıxışlarından aydın olur ki, tərəflər yeni imkanlardan faydalanmaqda maraqlıdırlar.

Müəllif vurğulayır ki, İran hökumətinin yeni xarici siyasət kursu Azərbaycanla əlaqələrin inkişafına imkan yaradıb. Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması, bank sahəsində əməkdaşlığın gücləndirilməsi, Xəzər dənizi, xüsusilə enerji sektorunda və ticarət əlaqələrinin inkişafı üçün perspektivlər açılıb.

Sabiq səfir İranın Ali Rəhbərinin mövqeyini bir daha yada salaraq bildirir ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.