Kestutis Yankauskas: Azərbaycan Avropa İttifaqı üçün çox dəyərli tərəfdaşdır

Turizm sektorunda Azərbaycanın Avropaya təklif edəcəyi çox şey var. Azərbaycana gələn bir sıra avropalı turistlər buradan razı halda qayıdırlar və etiraf edirlər ki, onlar Azərbaycan haqqında həqiqətən çox məlumat əldə ediblər. Azərbaycanın regionlarını avropalı turistlərə daha çox tanıtmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kentutis Yankauskas söyləyib.

Azərbaycanın Avropa İttifaqı üçün çox dəyərli tərəfdaş olduğunu deyən Kentutis Yankauskas bildirib: “Biz bu tərəfdaşlığı hər bir sahədə daha da mükəmməlləşdirmək istəyirik. Ümid edirəm ki, gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək”.

Sonra Şamaxı, İsmayıllı, Qəbələ rayonlarında Aİ tərəfindən həyata keçirilən layihələrdən danışan K.Yankauskas gələcəkdə də bu cür tədbirlərin davam etdiriləcəyini vurğulayıb. “Biz şahidi olduq ki, Avropa İttifaqının kiçik maliyyə yardımı yerlərdə bundan faydalananların həyatında müsbət mənada böyük dəyişikliklərə səbəb olub. Azərbaycanın qədim ənənələri, böyük zənginlikləri var, onların içərisində ən dəyərlisi isə insanlardır. Biz regionlarda insanların daha yaxşı yaşaması, iqtisadi və sosial həyatın daha da canlanması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əldə etdiyimiz təcrübələr əsasında daha mükəmməl və daha uğurlu layihələr həyata keçirə bilərik”, - deyə o vurğulayıb.