Gürcüstan hökuməti gənclərlə bağlı yeni platforma hazırlayır
Gürcüstanda gənclərlə bağlı yeni siyasət həyata keçirilməlidir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, onların pis vərdişlərdən çəkinmələri üçün hökumət müvafiq tədbirlər görəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, ölkədə narkotiklərlə bağlı qanunvericilik kifayət qədər liberallaşıb və gürcüstanlı gənclər idmanla məşğul olmaq, öyrənmək, işləmək əvəzinə zərərli maddələrin istifadəsi ilə məşğul olurlar. Ona görə də gənclər siyasətinə yenidən baxılmalı, psixotrop dərmanların satışı sərtləşdirilməlidir.
Baş nazir bununla bağlı icra prosesinə şəxsən nəzarət edəcəyini bildirib.


