Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb 

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib. 

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib. 

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib. 

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib. 

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır. 

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb. 

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.