Ayasofya məscid kimi fəaliyyətini bərpa edir.
Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.
Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.
İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.
İyulun 24-də məsciddə ilk Cümə namazı qılınacaq. Namaza Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə yanaşı, daha 1 500 nəfər qatılacaq.
Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görüləcək. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.


