ABŞ mətbuatında “Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə” adlı məqalə dərc olunub

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Nizami Gəncəvi irsinin geniş təbliğ edilməsi ilə Azərbaycanın zəngin milli-mədəni dəyərlərinin bir daha dünya ictimaiyyətinə çatdırıldığı bildirilir.

Müəllif qeyd edir ki, Azərbaycan dövləti siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf etməklə yanaşı, yüksək mədəni tərəqqiyə də nail olub. Hazırda Azərbaycan xalqı ötən il qazanılan qələbənin sevincini qürurla yaşayır. Çox müsbət haldır ki, Azərbaycanda yaşayan yəhidilər, ruslar, polyaklar, ləzgilər, udinlər və digər xalqların nümayəndələri də bu sevinci bölüşürlər. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi çoxmillətli Azərbaycan xalqının sevincinə daha bir sevinc qatıb. Bu, Azərbaycan ədəbiyyatına, mədəni irsə, ümumiyyətlə, milli-mədəni dəyərlərə yüksək diqqətin bariz nümunəsidir.

Məqalədə qeyd edilir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsi söz xəzinəsi, bilik mənbəyi olmaqla yanaşı, həm də canlı tarixi salnamədir. Böyük söz sahibinin yaradıcılığı keçmişimizin ən qaranlıq guşələrinə işıq salır. Nizami Gəncəvinin dünya ədəbiyyatına misilsiz töhfəsi olan beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”), onun yaradıcılığının əsas qayəsini təşkil edir. “Xəmsə” adı ilə birləşdirilmiş bu poemalarda irəli sürülən bədii-estetik ideyalar, beynəlmiləl mütərəqqi ictimai-fəlsəfi fikirlər hər kəs üçün müasirdir. Qeyd olunur ki, Nizami yaradıcılığı Şərqdə və Qərbdə bir çox şairlərə ilham mənbəyi olmuşdur. Araşdırmalara görə, bu böyük dahinin əsərlərinə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazıb. Məhz elə bu, Nizami sənətinin ölməzliyini göstərir. Əsilində, Nizami Gəncəvi özündən sonra bəşəriyyət üçün ədəbi məktəb qoyub getmişdir. Bu ədəbi məktəb də insanın mənəvi-əxlaqi inkişafına, maarifpərvərliyə, ictimai öhdəliyin yerinə yetirlməsinə xidmət edir. Korifey sənətkarın böyüklüyü ondadır ki, yaratdığı ədəbi obrazların dili ilə bir çox hallarda bəşəriyyətə xitabən çıxış edir.

Daha sonra F.Hüseynzadə qeyd edir ki, Nizami Gəncəvi yaradıcılığında milli-mədəni dəyərlərə yeni təfəkkür işığında baxış özünü qabarıq şəkildə büruzə verir. Diqqət çəkən odur ki, Nizaminin əsərlərində milli dəyərlər ön plana çəkilir. Məsələn, bu, şairin “Sirlər xəzinəsi” poemasındakı hekayətlərdə yaratmış olduğu obrazların xarakterində, onların ibrətamiz öyüdlərində özünü göstərir. Şair obrazların dili ilə ədalət və əmək, həqiqi dostluq kimi əxlaqi məsələlərə xüsusi diqqət çəkir. Şair “Sirlər Xəzinəsi” poemasında bu əxlaqi dəyərlərin insan üçün ən gözəl mənəvi keyfiyyət olduğunu oxucuya çatdırır.

Müəllif vurğulayır ki, Nizami Gəncəvi yaradıcılığında irqi, milli və dini ayrı-seçkilik yoxdur. Qəhrəmanları arasında türk, fars, ərəb, Çin, hind, yunan, gürcü və s. xalqların nümayəndələri var. Məsələn, “Yeddi gözəl” poemasında Azərbaycan xalqının milli-mənəvi dəyəri hesab olunan bu tolerantlıq elementlərinə rast gəlinir. “Xosrov və Şirin” poemasında isə bir-birini sevən iki aşiq qəhrəmanın hərəsi müxtəlif dinlərə mənsubdurlar.

Böyük mütəfəkkir digər əsərlərində də Azərbaycan xalqına məxsus milli-mədəni dəyərləri poetik lövhələrlə göstərmiş olur. Dahi şairin yaradıcılığında məhəbbətə dünyəvi münasibət bəslənilir. Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığında humanist ideyalar, milli-mədəni dəyərlər, insani keyfiyyətlər geniş şəkildə təbliğ olunur. Bu baxımdan onun yaradıcılığı bəşəri xarakterə malikdir və dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Nizami Gəncəvi qüdrətli söz və fikir ustadı olaraq insanları daim əxlaqi kamilliyə çağırıb. Onun yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir. Nizami Gəncəvi yaradıcılığı həm də yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olaraq da bugünümzlə səsləşir. Elə məhz bunları nəzərə alaraq dövlət başçısı bu ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Sərəncam imzalayıb.

F.Hüseynzadə yazır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirir. Artıq bu plana uyğun olaraq müxtəlif dövlət qurumları, eləcə də diasporumuz tərəfindən Nizami Gəncəvi ilə bağlı Azərbaycanda və xaricdə bir sıra tədbirlər həyata keçirilir, o cümlədən dahi mütəfəkkirin iris beynəlxalq səviyyədə tədqiq edilir. Nizami Gəncəvi irsi geniş təbliğ edilməklə Azərbaycanın zəngin milli- mədəni dəyərləri bir daha dünya ictimaiyyətinə nümayiş olunur. Eyni zamanda Nizami irsi Vətənə gətirilir. Bu baxımdan Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsini qeyd etmək olar. Layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin surətlərinin ölkəmizə gətirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Türkiyə, Çexiya, Misir və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işi həyata keçirilir. Nizami irsi daim aktualdır. Dahi şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi, milli-mədəni dəyərlərin təbliği işində xüsusilə mühüm əhəmiyyət daşıyır.

Müəllif yazır ki, Azərbaycan dövləti və xalqı hər zaman milli-mədəni dəyərləri uca tutur və təbliğinə xüsusi önəm verir. Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatına da müstəsna töhfələr verib. 880 illiyi qeyd edilən Nizami Gəncəvi kimi ədəbiyyat və mədəniyyət nümayəndələrinin həyat və yaradıcılığının öyrənilib gələcək nəsillərə ötürülməsi, dünyaya tanıdlması bu qəbildən olan işlərdəndir. Sonda qeyd olunur ki, bütün bunlar Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işinə böyük təkan olmaqla yanaşı, Azərbaycanın ədəbi və bədii irsinə göstərilən ehtiramın, tarixi şəxsiyyətlərə, milli-mədəni dəyərlərə verilən yüksək dəyərin əyani təsdiqidir.