Mədəniyyət
"Culture" sözü latın dilindəki colere sözündən yaranıb,"bəsləmək","yetişdirmək" mənasındadır. Qədim Roma natiqi Siseron kənd təsərrüfatına aid ifadəni ruhun inkişaf etməsi kimi fəlsəfi bir kateqoriyaya tətbiq edərək cultura animi –"ruhun bəslənməsi" məfhumunu yaratdı. O, mədəniyyəti barbarlığın müxtəlif təzahürlərinin dəf edilməsi vasitəsi və insanın mükəmməl bir vətəndaşa çevrilməsi aləti kimi görürdü.
Biz hamımız bu və ya digər mədəniyyətə mənsubuq. Mədəniyyət – bizim əxz edib gələcək nəsillərə ötürdüyümüz insani bilik, inam və davranış tərzlərinin məcmusudur. Mədəniyyət – gündəlik ünsiyyətdən qlobal iqtisadiyyatın fəaliyyətinə qədər insan münasibətlərinin müxtəlif sahələrini tənzimləyən əsas sosial amildir.


