Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi dövrdən sonra qazandığı ən böyük qələbə sayılan Aprel döyüşlərindən 4 il keçsə də, hələ də onun nəticələri, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət, cəmiyyətə bəxş etdiyi qələbə sevinci müzakirə edilir, təhlil olunur və qürur hissi ilə həmişə anılır. Xüsusilə, düşmən ölkə aprel məğlubiyyətini heç cür həzm edə bilməyərək vaxtaşırı cəbhə xəttində təxribatlara əl atır, ordumuzun mövqelərinə sarsıdıcı zərbələr vurmağa çalışır. Lakin, hər zaman olduğu kimi yenə də igid əsgərlərimiz düşmənin mənfur niyyətinin reallaşmasının qarşısını alırlar və alacaqlar.

Necə ki, 2016-CI İLİN APRELİNDƏ igid vətən övladları bunu etdi və düşmənə son 20 ilin ən ağır zərbəsini vurdu və uzun illər işğal altında olan bir neçə mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri azad etdi. 
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Əldə olunan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargah və əsas hərbi hissələr məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi və bununla da düşmən ordusunun necə aciz qaldığı ordumuzun gücü və qətiyyətli mövqeyi sayəsində bir daha sübut olundu.


APREL DÖYÜŞLƏRİ BÜTÜN DÜNYAYA AZƏRBAYCAN ORDUSUNUN GÜCÜNÜ, QƏLƏBƏ ƏZMİNİ, ƏDALƏTİN BƏRPA OLUNACAĞINI GÖSTƏRDİ. 


Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq tarixi, qəhrəmanlıq salnaməsi olduğu üçün həmin döyüşlərdə şəhid olan əsgər və zabitlərimiz də daima yüksək ehtiramla anılır, onların əziz xatirəsi müntəzəm olaraq yad edilir və qazilərimizə də yeni qələbə yaşamalarını diləyirik. 


ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN.