Ayın sonu 8 qeyri-iş günündə yoluxma risqinin artımını necə önləmək olar - Azərbaycan yeni təhlükədə...

Rasim Quliyev: “Xüsusilə də bu dönəmdə fəaliyyətdə olacaq obyektlərin iş rejiminə ciddi nəzarət edilməlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ilə əlaqədar olaraq ölkədə 4 gün komendant saatı tətbiq ediləcəyini açıqlayıb. Ölkə başçısı məhdudiyyətin 23-24-25 və 26 may tarixlərində 81 əyalətdə qüvvədə olacağını deyib. 15 əyalət arasında gediş-gəliş qadağası isə daha 15 gün uzadılıb.

Cəzaçəkmə müəssisələrində görüşlər iyundan etibarən bərpa olunacaq. Qeyd edək ki, bizdə də bu ayın sonu 8 qeyri -iş günü elan olunub və bu, qadağaların yumşaldığı dönəmə təsadüf edir. İndiki statistika isə yoluxmanın artdığını göstərir. Kütləvi yoluxmanın qarşısını almaq baxımından bayram günləri ilə bağlı bizdə hansısa əlavə  tədbirin görülməsinə ehtiyac varmı?

Koronavirus pandemiyası ilə bağlı ciddi araşdırmalar aparan “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda həm də təbiətin  gözəl vaxtıdır:“Bu da insanları daha çox təbiət qoynunda vaxt keçirməyə istiqamətləndirir. Uzunmüddətli karantin rejiminə əməl edən insanlar, təbiidir ki, qaydaların yumuşalmasından istifadə etməyə çalışacaq. Təbiətə, rayonlara getməyə can atanlar çoxluq təşkil edəcək. Bu da vəziyyəti yenidən gərginləşdirə, yəni epidemiya ocaqlarının əmələ gəlməsinə səbəb ola bilər. Maarifləndirmə işi davam etməlidir. Qeyri-iş günlərinin çoxluğunu nəzərə alsaq, maarifləndirməni daha da gücləndirməliyik. İnsanlara izah olunmalıdır ki,  pandemiya tam bitməyib, sadəcə prosesin sonuna yaxınlaşırıq. Həddən artıq ehtiyatla yanaşmalıyıq. Bu müddətdə də karantin qaydalarında olan bəzi tələblərə mütləq riayət olunmalıdır. Bura sosial məsafəni saxlama, maskalardan istifadə, kütləvi toplantıların olmamasını misal göstərə bilərik. Bir də turizm üçün şərait yaradan obyektlərə xüsusilə tapşırılmalıdır ki, kütləviliyin qarşısını alsınlar”.

Rasim Quliyevin sözlərinə görə,  pandemiya dönəmində  dünyanın bir çox ölkələrində sərt tədbirlər, qadağalar qoyulanda, Azərbaycanda komendant saatına ehtiyac olmadı:“Çünki əvvəlcədən önləyici tədbirlər görülümüşdü. Sonrakı proseslər isə ciddi nəzarət altında saxlanırdı və epidemioloji vəziyyət yaxından izlənirdi. Güman edirəm ki, indiki mərhələdə də bizdə komendant saatının tətbiqinə ehtiyac olmayacaq. Yenə qeyd edirəm ki, ehtiyat tədbirlərini mütləq görməliyik. Xüsusilə də bu dönəmdə fəaliyyətdə olacaq obyektlərin iş rejiminə ciddi nəzarət edilməlidir”.

Məhəmmədəli QƏRİBLİ