17 iyun–Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu.
Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
Azərbaycan Prezidenti İlham Əliyev:- “Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.
"Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun".
Azərbaycan Respublikasının Birinci Vitse-prezident Mehriban Əliyeva:- “Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanılıb.
Bakı şəhəri üzrə 122 dövlət tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 5 dövlət tibb müəssisəsinin tibb işçilərinə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib.
Mart ayı üzrə ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib. Onların 2489 nəfəri həkim, 4478 nəfəri orta və kiçik tibb işçisi, 731 nəfəri isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücüləridir.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
1. Tibbi profilaktik tədbirləri həyata keçirən 4484 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində
2. Təcili tibbi yardım xidməti göstərən 2961 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 58 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 195 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Mart ayı üzrə ümumilikdə tibb işçilərinə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücülərinə 5.3 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Məlumat üçün bildirək ki, müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir. Belə ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart ayı üzrə müddətli əlavələr digər tibb işçilərinə də ödəniləcəkdir. Növbəti həftədən isə aprel ayı üzrə müddətli əlavələrin hesablanması və ödənilməsi təmin ediləcək.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinin müəyyən edilməsi Agentliyə tapşırılıb. Agentlik 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın əhatə dairəsini aşağıdakı kimi genişləndirib:
• Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;
• Təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;
• Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;
• COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;
• COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.
Koronavirus pandemiyası ilə mübarizənin əsas qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil. Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.
Azərbaycanın tibb işçiləri builki peşə bayramlarını ölümsaçan pandemiya ilə mübarizə şəraitindıə qeyd edirlər. Onların misilsiz fəaliyyətini, son aylardakı fədakarlığını bütün cəmiyyət dərin sayğı və minnətdarlıqla dəyərləndirir.
Pandemiya dövründə işini dözüm və səbrlə, peşəkarlıq və vicdanla yerinə yetirən, həyatı bahasına xəstələrin sağalmasına çalışan həkimlərimizin əziz bayramını səmimi təbrik edir, onlara ən xoş arzularımızı çatdırırıq. Koronavirus infeksiyası ilə mübarizədə həyatını itirən həkimlərimizi isə dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik:
Xatırladırıq ki, tibb işçiləri arasında ilk olaraq yoluxub vəfat edən Bakıda təcili yardım stansiyasının həkimi Zakir Xəlilovdur. Daha sonra “COVID-19”a yoluxmuş daha bir tibb işçisinin-- Cəmşid Abbasovun da həyatını xilas etmək mümkün olmayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı Sürət Abbasov da virusla mübarizədə həyatını itirib. Bir neçə gün əvvəl Gəncədə çalışan, 1970-ci il təvəllüdlü travmatoloq Mehman Hüseynov Bakıda müalicə aldığı xüsusi xəstəxanda ölüb. Tanınmış həkim-onkoloq Fikrət Namazov da virusa yoluxaraq dünyasını dəyişib. Türkiyədə isə özəl xəstəxanada çalışan həmyerlimiz, həkim Tahir Bababəyli də koronavirun qurbanı olub.
Peşə bayramınız mübarək əziz həkimlər!


