Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.
Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 03 dekabr 2020, 15:02 Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın. 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində: 3.1. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti


