Ukrayna Prezident Vladimir Zelenskinin “Möhtəşəm quruculuq” proqramının icrasına azərbaycanlı tərəfdaşların dəstəyi ilə fəxr edir

Biz Ukrayna Prezidentinin “Möhtəşəm quruculuq” proqramının icrasına göstərdikləri dəstəyə görə azərbaycanlı tərəfdaşlarla fəxr edirik, Azərbaycan şirkətlərinin bu layihələrdə iştirakına və dövlət mülkiyyətində olan obyektlərin özəlləşdirilməsinə sərmayə yatırmalarına görə onlara minnətdarıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.

Deputatın sözlərinə görə, azərbaycanlı tərəfdaşlar tikinti layihələrinin icrasında fəal iştirak edirlər, böyük özəlləşdirilmə çərçivəsində aviasiya inşaatına, infrastruktur tikintisinə, mədəni-humanitar sahələrə investisiya cəlb edilir.

Valeri Kolyux deyib: “2020-ci ilin sentyabrında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon söhbəti zamanı energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və sair sahələrdə daha sıx əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb. Təəssüf ki, pandemiya ilə əlaqədar 2020-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi azalıb. Lakin əminliklə demək olar ki, bizim strateji tərəfdaşlığımız yalnız onun artmasına kömək edəcək”.

Deputat qeyd edib ki, ərazi bütövlüyünün ölkələrimiz tərəfindən dəyişməz olaraq qarşılıqlı dəstəklənməsi möhkəm ikitərəfli münasibətlərin inkişafına yardım edir. Ölkəmizin milli təhlükəsizlik strategiyası Azərbaycan Respublikasını Ukrayna üçün strateji tərəfdaş kimi müəyyən edib və bu, bizi sevindirməyə bilməz.