Türkiyə Prezidenti: Mən peyvənd olacağımı bundan əvvəl də bildirmişdim
Çindən 50 milyon doza peyvənd almaq üçün anlaşmamız var. Birinci mərhələdə 4.5 milyon ədəd peyvənd ölkəmizə gətiriləcək. Mən peyvənd olacağımı bundan əvvəl də bildirmişdim. Bütün vətəndaşlarımızı məsələyə eyni həssaslıqla yanaşmağa dəvət edirəm. Bu sahədə daha həssas detalları alimlərimiz açıqlayır.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında ifadə edib.
Gündəlikdə duran məsələləri dəyərləndirən Türkiyə dövlət başçısı, həmçinin yeni növ koronavirus infeksiyası riski ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə toxunaraq bildirib ki, mövzu hökumətin növbəti iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Türkiyə Elmi Komitəsinin qənaətinə görə, Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi “Sinovac” vaksini yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı böyük təsirə malik və təhlükəsiz peyvənddir. Türkiyədə birinci mərhələdə, ilk növbədə, səhiyyə işçiləri olmaqla 9 milyon nəfərə “Sinovac” peyvəndi vurulacaq. Gün ərzində 1,5-2 milyon şəxsə peyvəndin vurulması nəzərdə tutulur. Ölkə üzrə peyvəndləmə dörd mərhələdə aparılacaq.


