"Təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir" - RASİM QULİYEV 

 

"Azərbaycanın həm verimli torpaqları, həm təbii ehtiyatları baxımından çox zəngin bir hissəsi artıq qırx ilə yaxın bir müddətdə istifadəmizden kənarda qalmışdı. Zəfər qələbəmizə qədərki müddətdə təbii sərvətlərimiz Ermənistan və beynəlxalq şirkətlər tərəfindən vəhşicəsinə istismar edilmiş, qiymətli faydalı qazıntı yataqları talan olunmuşdur ki, bu siyahıya da qızıl və digər çoxsaylı minerallar daxildir". Bu sözləri politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirib. 
 
Onun sözlərinə görə, meşə təsərrüfatına ciddi ziyan dəymişdir: "Hətta müharibədə məğlub olan işğalçılar zəbt etdikləri ərazilərimizi tərk etmək məcburiyyətində qaldıqda da yandırıb, talançılıq edərək çıxarkən ərazilərimizin minalanmasi kimi mənfur əməlləri nəticəsində hələ də Azərbaycan dövləti və xalqımız həmin torpaqlardan lazımınca tam istifadə edə bilmir. Bu kontekstdə və təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir. 

Hazırda bir çox sahələr kimi işğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin təbii ehtiyatlarının qorunması, inkişaf etdirilməsi və səmərəli istifadə olunması konsepsiyasına bütün, tam versiyada müasir tələb və reallığa uyğun yeni baxış, yeni yanaşma tələb olunur ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu proqramın hazırlanması və qəbulunu müşahidə edirik".