Müstəqillik hər bir xalq üçün əvəzsiz nemətdir

Hər bir xalqın, millətin və vətəndaşın əldə edə biləcəyi ən böyük əvəzsiz nailiyyət, nemət müstəqillikdir. Müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək, hər hansı bir xalq, millət və vətəndaş üçün bundan üstün heç nə yoxdur. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparmışdır. Təsadüfi deyildir ki, dünyada 5000-ə yaxın xalq mövcud olduğu halda cəmi 200 dövlət var. Məhz, Azərbaycan xalqı da öz müstəqil dövləti olan, mübariz qəhrəman xalqlardan biridir. Çünki Azərbaycan xalqı tarixboyu özünün dövlətçilik ənənələrinə malik olmuş, işğalçılara və imperializmə qarşı hər zaman mübarizə aparmış və təkcə XX əsrdə iki dəfə öz müstəqilliyini əldə edə bilmişdir. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Məlum olduğu kimi XX əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ-də siyasi, ictimai, iqtisadi böhran dövrü başlamış, nəticədə isə ittifaq respublikalarında milli azadlıq hərəkatlarının güclənməsinə şərait yaranmışdır. Bu şəraitdən istifadə edən separatçı qüvvələrin regionlarda etnik münaqişələrin sürətləndirməsi Sovetlərin vəziyyətini daha da gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı Sovetlər İttifaqının dağılmasının başlanğıcı oldu. İlk olaraq, ötən əsrin 90-cı ilin martında Baltikyanı ölkələr Estoniya,Litva, daha sonra may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu. Digər respublikalardan Özbəkistan 1 sentyabr 1991-ci ildə, Qazaxıstan 16 dekabr 1991, Qırğızıstan 1 avqust 1991, Türkmənistan 1 sentyabr 1991, Tacikistan 9 sentyabr 1991, Belarus 25 avqust 1991, Moldova 27 avqust 1991, Gürcüstan 25 dekabr 1991 və s. Sovetlər İttifaqına daxil olan respublikalar müstəqillik aktlarını qəbul ediblər.

1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli kommunist məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Sovetlər Birliyinin prezidenti M.S. Qorbaçovun səhhəti ağır olduğu üçün onun səlahiyyətləri avqust qiyamının ideoloqlarından biri.olan SSRİ-nin sabiq birinci vitse-prezidenti Gennadi Yanayevə verildi. G. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı"puç oldu. Qiyam uğursuzluqla başa çatandan sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.

M.S.Qorbaçov SSRİ-nin tam dağılmasının qarşısını almaq məqsədilə, SSRİ Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli iclasında unitar dövlət olan SSRİ-nin əvəzinə yeniləşmiş ittifaq müqaviləsi imzalamaq, bu müqavilənin imzalanmasına qədər respublikaların hakimiyyət orqanlarının qəbul etdikləri bütün qərarların dondurulması təklifi ilə çıxış etdi. Müttəfiq respublikaların əksəriyyətinin rəhbər xadimləri SSRİ prezidentinin bu təklifinə münasibət bildirərək respublikalarının suverenlikdən imtina etmək fikrində olmadıqlarını bildirmişdilər. 1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş–Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 70 il mövcud olmuş SSRİ dağıldı.

70 illik totalitar rejimin əsarətində yaşamağımıza baxmayaraq, xalqımızın azadlıq ruhu, müstəqillik arzusu daha da möhkəmləndi. Nəhayət, Azərbaycan xalqı 1988-ci ildə müstəqillik əldə etmək arzusunu məqsəd kimi ortaya qoydu...

Məlum olduğu kimi, hələ 1980-ci illərin sonlarından etibarən imperiya rəhbərliyi Azərbaycan xalqının müstəqilliyə aparan yolda ortaya qoyduğu iradənin qarşısını almaq üçün hər bir üsula əl atırdı. Xüsusilə SSRİ imperiyasının rəhbəri M. S. Qorbaçov və onun respublikamızdakı imprealist icraçıları müxtəlif vasitələrdən istifadə etməklə, həm torpaqlarımızı parçalamağa, həm də müstəqilliklə bağlı arzularımızı beşiyindəcə boğmağa çalışırdı. Bəhs edilən dövrdə ermənilərin 1988-ci ildən başlayaraq, tarixi imperializmin zaman-zaman Azərbaycana qarşı həyata keçirdikləri ərazilərimizə qarşı qəsbkarlıq siyasəti, soydaşlarımızın dədə-baba torpaqlarından deportasiya olunması, əsrin sonunda mövcud geopolitik şəraitdə yaranmış əlverişli imkandan istifadə edilərək klassik variant işə düşdü. Azərbaycanlıların öz torpaqlarından köçürülməsi torpaq qəsbi və müstəqil dövlətçilik yolunda əngəllər yaratmaq üçün vasitələr əldə olunması, məlumat üçün bildiririk ki, Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tariхən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib, bundan başqa digər müxtəlif təxribatların törədilməsi, azərbaycanlıların qətlə yetirilməsi, qanlı 20 Yanvar faciəsinin törədilməsi xalqımıza qarşı çevrilmiş antimilli siyasətin nəticələri idi. Həmin hadisələr zamanı Azərbaycan bu yolda çoxsaylı qurbanlar versə də, hər kəs üçün ali dəyər hesab olunan müstəqilliyi əldə edə bildi.

XX əsrin sonlarında Azərbaycanın müstəqillik yolunda atdığı ilk siyasi-hüquqi addım isə 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamənin qəbul edilməsi oldu. Bunun ardınca, Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da, Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu.

Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra 11 dekabr 1991-ci ildə Rumıniya, Pakistan 13 dekabr 1991, İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetininqəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və Cümhuriyyətin yarandığı 28 may tarixi Respublika günü kimi qeyd olunmağa başladı. Bundan sonra, Azərbaycan qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla, beynəlxalq münasibətlər sisteminin suveren subyektinə çevrildi.