Jozep Borrel: Avropa İttifaqı Rusiya ilə müharibə aparmır
Avropa İttifaqı Rusiya ilə müharibə aparmır, lakin hazırkı vəziyyətdə Ukraynanı dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İspaniyanın Cadena SER radiostansiyasına müsahibəsində deyib.
“Sanksiyalar vacibdir, lakin bu, siyasət deyil, yaranmış vəziyyətə reaksiyadır. Bizə münaqişənin həlli yolları lazımdır və bu, diplomatiya ilə əlaqəli olmalıdır. Rusiya ilə müharibə aparmırıq, lakin hücuma məruz qalanın tərəfindəyik. Nüvə müharibəsindən danışmaq son dərəcə məsuliyyətsiz davranışdır”, - deyə Avropa İttifaqının diplomatiya rəhbəri bildirib.
Onun sözlərinə görə, hələlik Avropa ordusunun yaradılması məsələsi gündəlikdə yoxdur. Bununla belə, Avropa İttifaqına üzv dövlətlərin silahlı qüvvələri arasında koordinasiya təkmilləşdirilməli və birgə müdafiə xərcləri artırılmalıdır.
“Sanksiyalar ona məruz qalan ölkənin iqtisadiyyatına zərər vurmaq üçün tətbiq edilir, lakin o, eyni zamanda qarşı tərəfə də zərərsiz ötüşmür və biz buna hazır olmalıyıq”, - deyə Jozep Borrel əlavə edib.


