Gəncədə ermeni terroru nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi dünyanın bir neçə olkəsində anılıb       

 

Gəncədə törədilən terror aktları nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi Litvada da yad edilib

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Litvadakı səfirliyinin binasının önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət xatirə guşəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının ağır nəticələrinə dair şəkillər və məlumatlar nümayiş etdirilir.

Litvada yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək, guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirir, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

 

Gəncədə erməni terroru nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi Tallinndə anılıb

Estoniyada yaşayan çoxsaylı soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumunun qurbanlarını yad etmək məqsədilə Azərbaycan-Estoniya dostluq parkına axın edirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə iki xalq arasında tarixi əlaqələrin və dostluğun rəmzi olaraq salınmış parka gələn soydaşlarımız buradakı qayanın üzərinə güllər düzür, Gəncədə həlak olanlar mülki sakinlərin xatirəsini anır, yaralananlara şəfa diləyirlər.

 

Azərbaycanın İndoneziyadakı səfirliyinin önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də gecə vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olanların əziz xatirəsini anmaq üçün ölkəmizin İndoneziyadakı səfirliyinin önündə xüsusi guşə yaradılıb.

AZƏRTAC xəbər verir ki, guşədə İndoneziya ənənələrinə uyğun olaraq matəm mərasimləri üçün nəzərdə tutulan əklil lövhəsi yerləşdirilib.

Əklil lövhəsində “Gəncə üçün dua et!” və “Erməni təcavüzünə son!” şüarları yazılıb, mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən şəkillər əlavə olunub. Guşə yerli sakinlərin böyük diqqətinə səbəb olub.

 

Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Azərbaycanın İspaniyadakı səfirliyi qarşısında yad edilib

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə qarşı həyata keçirilmiş təcavüz aktları ilə bağlı oktyabrın 19-da Madrid şəhərində, Azərbaycan səfirliyinin inzibati binasının qarşısında xatirə guşəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınması nəticəsində həlak olanları əks etdirən fotolar, Ermənistanın törətdiyi növbəti müharibə cinayətlərinin fəsadlarına dair müxtəlif materiallar, infoqram və məlumatlar nümayiş etdirilib.

İspaniyada yaşayan vətəndaşlarımız, eləcə də İspaniya ictimaiyyətinin nümayəndələri səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzüb, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş mülki şəxslərin xatirəsinə dərin ehtiramlarını ifadə edərək, bu təcavüz aktından təsirləndiklərini, böyük kədər hissi keçirdiklərini bildiriblər.

2020-ci il oktyabrın 17-də Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə bağlı səfirlik tərəfindən hazırlanmış kommünike iştirakçılara təqdim edilib. İspaniya ictimaiyyətinin nümayəndələri Ermənistanın dinc əhaliyə qarşı müharibə cinayətləri törətməsini, mülki əhalini məqsədli şəkildə hədəf almasını kəskin şəkildə pisləyib, bu cür cinayət əməllərinin bir daha törədilməməsi üçün beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə sərt şəkildə etiraz etməsinin vacib olduğunu bildiriblər.