BƏƏ-nin “TTN" jurnalı: Naxçıvanda qədim tarixin və heyranedici təbiətin möcüzəvi birləşməsi sizə unudulmaz səyahət təklif edir

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə diyarımızın turizm zənginlikləri geniş təbliğ olunur.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu tədbirlərin davamı olaraq ərəb turizm bazarında muxtar respublikanın turizm potensialının daha geniş auditoriyaya çatdırılması məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin “TTN” jurnalında məqalə dərc edilib.

“Azərbaycana, Naxçıvana səfər” adlı məqalədə ölkənin bu qədim diyarının turizm potensialı belə təqdim olunub. Vurğulanıb ki, istər gözəl təbiət mənzərələri, istər tarixi abidələr, istərsə də qastronomik səyahət axtarışınızdan asılı olmayaraq, Naxçıvan hər bir turistin istədiyini tapa biləcəyi bir məkandır. Qədim tarixin və heyranedici təbiətin möcüzəvi birləşməsi sizə unudulmaz səyahət təklif edir.

Məqalədə Naxçıvan qeyd olunub ki, Naxçıvan sizi Şərqin Maçu Piççusu kimi tanınan Əlincə qalasını və onun kimi digər maraqlı məkanları ziyarət edərək tarixə səyahət etməyə səsləyir. Əlincə orta əsr qalası sıldırımlı dağın başında yerləşir. Naxçıvanın bu tarixi incisini görmək üçün 1500 pillə qalxmaq heyranedici mənzərə ilə mükafatlandırılacaq. Bölgənin zəngin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün nadir memarlıq abidəsini – XII əsrə aid Möminə xatın türbəsini ziyarət etmək lazımdır. Bu abidə nəinki sizə estetik zövq verəcək, həm də türbə üzərində yazılmış dərin fəlsəfi mesajlarla ruhunuza toxunacaq. Tarixi səyahət burada bitmir və sizi möhtəşəm Şərq üslubunda tikilmiş Naxçıvanın Xan sarayına aparır. Zəngin ornamentli döşəmələri şəbəkə – vitrajlı saray XVIII əsrin ortaları XX əsrin əvvəllərində Naxçıvan xanlığının iqamətgahı olub. Naxçıvanın bu memarlıq inciləri bəşəriyyət tarixini kəşf etmək səyahətində eksklüziv görməli yerlər axtaran bütün mədəniyyətsevərlərin ziyarət etməli olduğu yerdir.

Yazıda vurğulanıb ki, Naxçıvan əfsanə və sirləri ilə tanınır. Əshabi-Kəhf “Qurani-Kərim”in surələrindən birində adı keçən unikal məkandır. Bura Naxçıvandan, təqribən, 12 kilometr şərqdə yerləşir və yerli əhali tərəfindən ən çox gedilən ziyarətgahlardandır. Növbəti sirli və maraqlı yer bizi eramızdan əvvəl 4-cü minilliyə aparır. Burada Nuh Peyğəmbərlə bağlı olan Haçadağ da diqqətinizi çəkəcəkdir. Əfsanələrdə deyilir ki, Dünya tufanı zamanı Nuhun gəmisi bu dağa toxunub, zərbə nəticəsində dağın zirvəsi haçalanıb.

Qədim diyarın müalicəvi turizm potensialı barədə də “TTN” jurnalının oxucularına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, duz terapiyası təcrübəsi üçün Naxçıvan şəhərinin yaxınlığında yerləşən Duzdağa üz tutmalısınız. Bu keçmiş duz mədəni tənəffüs yolları xəstəliklərinin müalicəsi məqsədilə fizioterapiya mərkəzinə çevrilib. Mədən tunelləri boyunca yerləşən rahat otaqlarda gecələyən hər bir xəstə də, tunelləri ziyarət edən turist də müalicəvi duzla nəfəs aldığı zaman ağciyərinin funksiyasının yaxşılaşdığını hiss edir.

Məqalədə ecazkar mənzərəli Batabatdan, buradakı möcüzəvi “Üzən ada”dan, Naxçıvanın qastronomik səyahət imkanlarından da ətraflı bəhs olunub.