Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında münasibətlər dinamik inkişaf edir

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Jao ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş BTİ Şurasının Cenevrədə keçirilən iclası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanla BTİ arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Nazir müavini ölkəmizin BTİ Şurasının üzvü qismində mütəmadi olaraq təşkilatın işində fəal iştirak etdiyini və İttifaqın müəyyən olunmuş əsas hədəfləri istiqamətində təşkilatın üç bürosu ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Tərəflər xüsusilə pandemiyadan sonrakı dövrdə mövcud potensiala uyğun olaraq münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin cari ilin sonunda Buxarestdə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına hazırlıq barədə müzakirələr aparılıb.

Baş katib Houlin Jao Azərbaycana Səlahiyyətli Konfrans zamanı seçkilərdə Şuraya və Radio Tənzimləmə Bürosuna namizədlikdə uğurlar arzulayıb.