Almaniyada qaz anbarları 90 faizdən çox doldurulub

Hazırda Almaniyada yeraltı qaz anbarların doldurulma səviyyəsi 90 faizi ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller özünün “Twitter” hesabında yazıb.

“Almaniyadakı qaz anbarlarını 90,07 faizi doldurulub. Bu, enerji təchizatının təhlükəsizliyini artıracaq və fövqəladə hallarda idarəetməyə dəstək olacaq. Lakin biz anbarları qazla doldurmağa davam etməliyik”, - deyə Klaus Müller bildirib.

Bundan öncə Almaniyanın hakimiyyət orqanları qışda enerjiyə qənaət etmək üçün qaz istehlakını 2-2,5 faiz azaltmaq barədə yeni tədbirlər haqqında razılığa gəlib. Buraya ofislərdə və dövlət müəssisələrində istiliyin 20 dərəcədən 19 dərəcəyə endirilməsi, saat 22:00-dan səhər saat 06:00-dək binaların və abidələrin işıqlandırılmasının dayandırılması da daxildir. Həmçinin mağaza sahiblərinə “qapıları uzun müddət açıq saxlamaq” qadağan ediləcək. Məhdudiyyətlər sentyabrın 1-dən və oktyabrın 1-dən qüvvəyə minəcək.

Almaniya hazırda Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üzrə səylərini davam etdirir. Hakimiyyət orqanları il ərzində kömür və neftdən imtina etməyi planlaşdırır. Lakin onların fikrincə, Rusiya qazından asılılığı 2023-cü ildə də tam aradan qaldırmaq mümkün olmayacaq.