“Hələ Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etməzdən xeyli əvvəl Azərbaycan Prezidentinin uzaqgörənliyi və vaxtında çevik qərarlar qəbul etməsi ilə ölkəmizdə önləyici tədbirlər görüldü”.

Bunu "Sherg.az"a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.

Mərkəz rəhbəri bəyan edib ki, koronavirus epidemiyası dünyada yayılmağa başlayandan etibarən “Resurs” Analitik İnformasiya Mərkəzi bütün prosesi diqqətdə saxlayıb:

“Mütəmadi olaraq pandemiya ilə bağlı prosesin gedişini təhlil edərək bununla bağlı ictimaiyyətə geniş məlumat vermişik. Azərbaycan bütün beynəlxalq proseslərin aktiv iştirakçıdır. Pandemiya Azərbaycana çatan kimi qarşını almaq üçün Operativ Qərargah yaradıldı və proqram tərtib olundu. Bütün məsələlər həmin proqrama əsasən mərhələli şəkildə həyata keçirildi. Azərbaycan dünyada başqa standartlara görə özlərini “super dövlət” sayan ölkələrdən daha çevik davranaraq, önləyici addımlarla öz vətəndaşlarının keşiyində durdu. Vətəndaşlarımız bu pandemiyadan demək olar ki, az itki ilə çıxdı. Əlbəttə, hər bir vətəndaş bizim üçün qiymətlidir. Ancaq başqa ölkələrlə müqayisədə Azərbaycanın itkiləri çox az oldu. Dövlətimiz öz çevik siyasəti və struktur fəaliyyəti ilə öz vətəndaşını qorudu”.

R.Quliyevin sözlərinə görə, xüsusi karantin rejiminin nisbətən yumşalması koronavirus pandemiyasının inkişaf dövrünün arxada qaldığını göstərir. Ancaq bu durum insanlarda heç də arxayınlıq yaratmamalıdır:

“Vətəndaşlar qətiyyən məsuliyyəti və ehtiyatı əldən verməməlidir. Heç kim yaranmış vəziyyətdən, karantin rejiminin nisbətən yumşalmasından sui-istifadə etməməlidir. Çünki hər bir insan təkcə özünə yox, ailəsinə, bütöv cəmiyyətə cavabdehdir. Nəzərə alaq ki, Azərbaycanda artıq səngiməkdə olan virus epidemiyası bugün qonşu ölkələrdə özünün ən çiçəklənən dövrünü yaşayır. Xəstəlik həndəsi silsilə ilə sürətlə yayılan bir virusdur. Geridə buraxdığımız problemi öz səhlənkarlığımız və səhvimiz ucbatından yenidən geri gətirməməliyik. Bizim buna ixtiyarımız yoxdur. Epidemiyanın yenidən Azərbaycana qayıtmasına yol verə bilmərik. Bunun üçün daim diqqətli olmaq lazımdır. Karantin rejimi nisbətən yumşalsa da, ehtiyatı əldən vermək olmaz. Müəyyən qaydalara hökmən riayət olunmalı, epidemoloji şərait nəzərə alınmalıdır. Gündəlik və aktiv həyata başlamağımıza hələ zaman var”.

 

"Sherg.az"