Rumıniya mətbuatı bu ölkənin energetika nazirinin Bakı səfərini geniş işıqlandırıb

Rumıniyanın aparıcı kütləvi informasiya vasitələrində bu ölkənin energetika naziri Vircil Daniel Popeskunun Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakı barədə məqalələr dərc olunub.

Xüsusilə, “Eco Politics News” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, nazir Vircil Daniel Popesku ölkəsinin Cənub Qaz Dəhlizinin Balkanlar və Mərkəzi Avropa istiqamətində genişləndirilməsi planına Rumıniya-Bolqarıstan interkonnektoru və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) boru kəməri layihəsinin daxil edilməsini bir daha təklif etdiyini açıqlayıb. Vircil Daniel Popeskunun regiondakı əksər dövlətlərin Azərbaycan qazına çıxış əldə etməkdə maraqlı olmasının Cənub Qaz Dəhlizinin inkişafını davam etdirmək üçün böyük imkan yaratdığını və bu imkanların əldən qaçırılmamasının vacibliyini vurğuladığı qeyd edilib. Eyni zamanda, nazirin Avropanın enerji təminatının sabitliyi üçün böyük əhəmiyyət kəsb edən strateji qaz nəqliyyatı infrastrukturu olan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək cəhdlərinə Rumıniyanın qoşulmağa hazır olduğunu diqqətə çatdırdığı bildirilib.