Polşa Ukraynadan 10 min yaralını müalicə üçün qəbul etməyə hazırdır
Polşa Ukraynadan 10 min yaralını müalicə üçün qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Mateuş Moravietski Ukraynanın Lvov şəhərinə səfəri zamanı danışıb.
O bildirib ki, artıq onlarla hərbçi Polşada müalicə almaqdadır və onun ölkəsi daha çox yaralını qəbul etməyə hazırdır. “Biz Ukraynadan yaralı əsgərləri qəbul etmək və müalicələrini təşkil etmək üçün bütün addımları atırıq”, - deyən Baş nazir, eyni zamanda, hərbi əməliyyatlar nəticəsində itkilərin sayının daha da artmayacağına ümidvar olduğunu da qeyd edib.
Səfər çərçivəsində M. Moravietski Polşanın maliyyə dəstəyi ilə ukraynalı məcburi köçkünlər üçün tikilmiş konteyner şəhərciyinin açılışında da iştirak edib.
Polşanın Baş naziri hərbi əməliyyatların şiddətlənəcəyi təqdirdə, qərbi Ukraynada yaşayan polyakların Polşaya qayıtmasının (repatriasiya) təmin ediləcəyini bildirib.


