Pentaqon: ABŞ NATO-nu asılılıq yox, tərəfdaşlıq üzərində qurmaq istəyir 

 

ABŞ-ın müharibə nazirinin müavini Elbric Kolbi Avropa ilə ABŞ arasında Şimali Atlantika Alyansı çərçivəsində əməkdaşlığın yeni mərhələyə keçməli olduğunu bildirib. 

Bu fikirləri NATO-nun Baş Qərargahında keçirilən alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında səsləndirib. 

Onun sözlərinə görə, Avropa və ABŞ-ın NATO çərçivəsində birgə fəaliyyəti asılılıq prinsipi deyil, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmalıdır və bu, yeni “NATO 3.0” versiyasının formalaşmasına gətirib çıxarmalıdır. 

Kolbi qeyd edib ki, 2025-ci ildə ABŞ Prezidenti və NATO-nun Baş katibinin liderliyi ilə alyans daxilində yenidən qiymətləndirmə aparılıb, Avropanın NATO-nun ənənəvi müdafiəsinə rəhbərlik etməsi ideyasına real və səmimi bağlılıq yaranıb. 

Pentaqon rəhbərinin müavini əlavə edib ki, NATO-nun tərəfdaşlıq üzərində qurulmuş “NATO 3.0” modelinə keçidi təşkilatın ilkin məqsədinə qayıdışı ifadə edəcək. 

“Həqiqətən möhkəm tərəfdaşlıq fəaliyyəti üçün əsas var. Bunun üçün NATO-nu asılılıq üzərində deyil, tərəfdaşlıq üzərində qurulmuş, alyansın başlanğıc məqsədinə geri dönməsini təmin edən bir növ “NATO 3.0”-a çevirməliyik”, – Kolbi vurğulayıb.