Özbəkistan-Türkiyə çoxplanlı əməkdaşlığının mühüm istiqamətləri müzakirə olunub

Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistan-Türkiyə çoxplanlı əməkdaşlığının mühüm istiqamətləri müzakirə olunub.

Şavkat Mirziyoyev qeyd edib ki, Türkiyə ilə çox məhsuldar və intensiv xarakterli münasibətlərimiz var. Hər iki ölkə liderinin müntəzəm dialoqu dostluğun və strateji tərəfdaşlığın, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Görüşdə ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı, Əfqanıstanda sülhün və sabitliyin təmin olunması, regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bildirilib ki, Əfqanıstanla qarşılıqlı fəaliyyət olmadan bu ölkədə dayanıqlı sülhün əldə edilməsi, iqtisadiyyatın dirçəldilməsi mümkün deyil.

Danışıqlar zamanı ölkələr arasında yüksək səviyyədə Strateji Tərəfdaşlıq Şurasının ikinci iclasının keçirilməsi məsələsi də diqqət mərkəzində olub.