Misir portalı İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi ilə AZƏRTAC-ın birgə vebinarından yazıb
Misirin “Aldiplomasy” portalı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və bu qurumun büro üzvü olan AZƏRTAC-ın birgə təşkilatçılığı ilə “Rəqəmsal xəbər istehsalı bacarıqları” mövzusunda vebinar haqqında geniş xəbər yayıb.
Portalın materialında qeyd olunub ki, Tunis, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Malayziya, Bəhreyn, İraq, Sudan, İtaliya və digər ölkələrdən 30-a yaxın KİV nümayəndəsinin iştirak etdiyi tədbirdə UNA-nın direktor müavini Zayid Sultanın vebinarın jurnalistlər arasında təcrübə mübadiləsini genişləndirmək, yeniliklərin tətbiqini sürətləndirmək, müasir tendensiyalarla tanış olmaq məqsədilə keçirildiyi barədə fikirləri yer alıb. Əlavə edilib ki, Z.Sultan tədbirin AZƏRTAC ilə birgə təşkilindən şad olduğunu deyib və agentliyin rəhbərliyinə təşəkkürünü bildirib.
Xəbərdə, həmçinin AZƏRTAC-ın Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov və Russia Today televiziyasının nümayəndəsi Artur Sokolovun vebinardakı çıxışlarından əsas məqamlar da diqqətə çatdırılıb.


