“Facebook” şəbəkəsinin Nəzarət Şurası erməni istifadəçinin azərbaycanlılar haqqında bu şəbəkədə yerləşdirdiyi irqçi xarakterli məlumatın şəbəkədən silinməsi tələbini dəstəkləyib
“Facebook” şirkətinin keçən il yaradılmış yeni Nəzarət Şurası (The Oversight Board) bir erməni istifadəçinin irqçi xarakterli statusunun şəbəkədən silinməsi məsələsinə münasibətdə qətiyyətli mövqe tutub.
Şura öz qərarlarının birinci siyahısında azərbaycanlılar üçün təhqiramiz sayılan statusun şəbəkədən silinməsi tələbini dəstəkləyib.
Şuranın qərarlarının ilk siyahısı ona dəlalət edir ki, bütün dünyanı təmsil edən jurnalist, hüquqşünas və ekspertlərdən ibarət Nəzarət Şurasının 20-dən çox üzvünün böyük əksəriyyəti şəbəkədə fikir azadlığına bütövlükdə tolerant baxışın tərəfdarlarıdır. Yanvarın 28-də dərc edilmiş altı qərarın beşində müəyyən edilib ki, “Facebook” istifadəçilərinin bu sosial şəbəkə standartlarının pozulması hesab edilən məlumatların silinməsi məsələsində şirkətin əməkdaşları çox canfəşanlıq ediblər.
Nəzarət Şurasının razılaşdığı yeganə qərar 2020-ci ilin noyabr ayında Azərbaycanın Qarabağ regionunda atəşkəs barədə bəyanat imzalanmasından bir qədər əvvəl adı çəkilməyən bir “Facebook” istifadəçisi tərəfindən yerləşdirilmiş məlumatın şəbəkədən silinməsi tələbi olub.
“Facebook” rəhbərliyi tərəfindən şəbəkədən silinmiş bu məlumatın müəllifi rus dilində yazmışdı ki, Azərbaycanın paytaxtı Bakı şəhəri guya XIX əsrin sonu – XX əsrin əvvəllərində ermənilər tərəfindən salınıb. Nəzarət Şurasının qərarında göstərilir ki, həmin istifadəçi tərəfindən azərbaycanlıların təsvir olunması üçün tətbiq edilən termin qəbuledilməzdir. Həmin istifadəçi iddia edir ki, azərbaycanlılar “köçərilərdir və ermənilərlə müqayisədə onların tarixi yoxdur”. Görünür, “başıbəlalı” erməni xalqının nümayəndəsi irqçi məzmunlu həmin məlumatın “Facebook” işçiləri tərəfindən şəbəkədən silinəcəyini gözləmirdi.
Məlumatın silinməsi mübahisəyə səbəb olub və müstəqil Nəzarət Şurasının müzakirəsinə təqdim edilib. Sonda müstəqil Nəzarət Şurası “Facebook”un rəhbərliyinin qərarı ilə razılaşıb. Bu qərara görə erməni istifadəçinin işlətdiyi termin azərbaycanlılar üçün təhqiramizdir. Şuranın adından aparılmış müstəqil linqvistik təhlil nəticəsində təsdiq edilib ki, “Facebook” həmin termini “insanların milli mənşəyinə qəsd edən qeyri-insani təhqir” kimi başa düşür.
Nəzarət Şurasının qərarında bir kontekst də xüsusi qeyd edilib. Həmin postda göstərilir ki, bu məlumat məhz Ermənistan ilə Azərbaycan arasında müharibə dövründə yayılıb. Nəzarət Şurasının qərarında deyilir: “Qeyri-insani təhqirlər ayrı-seçkilik və zorakılıq şəraiti yarada bilər, bu isə digər istifadəçiləri susmağa məcbur edə bilər. Silahlı münaqişə dövründə insanların bərabərlik, təhlükəsizlik hüquqlarının pozulması riski, hətta onların həyatına təhlükə riski xüsusilə böyükdür”.
Müstəqil Nəzarət Şurası onlayn fikir azadlığı ilə bağlı ən mürəkkəb məsələlərin həllində “Facebook” rəhbərliyinə kömək edir. “Facebook” şəbəkəsinin rəsmi saytının məlumatına görə, Nəzarət Şurası ““Facebook” və ya “İnstagram”da kontent barəsində qərarlardan şikayət etməyə imkan verir. Müstəqil Nəzarət Şurası kontent ilə bağlı işləri nəzərdən keçirərək “Facebook” şəbəkəsində kontent ilə bağlı qaydaları və həmin qaydaların əsaslandığı dəyərləri nəzərə almaqla qərar qəbul edir.


