Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yerləşdirilib

Ermənistanın Gəncə şəhərindəki yaşayış binalarına ballistik raketlə zərbə endirməsi hadisəsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yer alıb.

AZƏRTAC xəbər verir ki, təcavüzkar dövlətin dinc əhalini hədəf alması nəticəsində 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına və böyük miqyasda dağıntıya səbəb olub. Yazıda qeyd olunub: “Bütün bu cinayətlərə görə, Ermənistan dövlətinin məsuliyyət daşıdığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın buna qarşılıq verəcəyini bildirib”.

Qırğızıstan portalı Ermənistan tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı xəbərlər yayıb

Qırğızıstanın “goldenbridgenews.com” saytı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb.

AZƏRTAC-a istinadla yayılan materiallarda Ermənistanın humanitar atəşkəs rejimini elə imzalandığı gün pozaraq Gəncəni raket atəşinə tutması, nəticədə 9 mülki şəxsin həlak olduğu, 34 nəfərin yaralandığı barədə məlumat verilib. Həmçinin AZƏRTAC-ın müxbirinin hadisə yerindən çəkdiyi 26 foto da təqdim edilib.

Portal, həmçinin Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıb.

Qeyd edək ki, “goldenbridgenews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “CNN International” və “Sky News” telekanallarına müsahibələrinin tam mətnini dərc edib.

Ermənistanın Gəncəni raket atəşinə tutması Özbəkistan mətbuatında

Özbəkistanın “Interpress.uz”, “fikr.uz”,”human.uz” və “interfax.uz” portalları Ermənistanın humanitar atəşkəs rejimini pozması və Gəncəni raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, “Interpress.uz” portalı oktyabrın 11-i 02:00-da humanitar atəşkəsi pozan Ermənistanın qədim Gəncə şəhərini raket atəşinə tutması nəticədə yaşayış binasının tam dağılması, adamların dağıntılar altında qalması haqqında məlumat verir. Yazıda bildirilir ki, atəş nəticəsində əvvəl 5 dinc sakin ölüb. Sonra Ermənistandan buraxılan raket atəşləri 9 adamın həyatına son qoyub, 37 nəfər yaralanıb.

“Human.uz” saytı yazır: “Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan humanitar yardım kimi mülki aviasiya vasitəsi ilə “Smerç” yeni raketlərini alıb, həmin qurğularla gecə Gəncə və Mingəçeviri atəşə tutub”.

“İnterfax.uz” portalı Hikmət Hacıyevin fikirlərinə də yer ayırıb.

Prezidentin köməkçisi deyib: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.

“Fikr.uz” saytı yazır: “ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ermənistanın Gəncəyə raket atmasını hərbi cinayət adlandırıb”.

Tacikistan portalında Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məqalə yerləşdirilib

Tacikistanın “avesta.tj” portalında Ermənistan tərəfindən Azərbaycanın qədim Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı rus dilində məqalə yerləşdirilib.

AZƏRTAC-a istinadla dərc edilən məqalədə Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərində mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutmasının 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğu bildirilir. Qeyd olunur ki, humanitar atəşkəs rejiminin tətbiqindən sonra Ermənistan Azərbaycanın şəhər və kəndlərinə 500-dən çox mərmi atıb.

Portal, həmçinin Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımını da yayıb.

Gürcüstan KİV-ləri Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı Azərbaycan Prezidentinin fikirlərini geniş işıqlandırıb

Gürcüstanın populyar informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsinə və dövlətimizin başçısının rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı fikirlərinə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “report.ge”, “sputnik-georgia.ru”, “24news.ge”, “interpressnews.ge” və digər informasiya resurslarında sayılan məlumatlarda Azərbaycan Prezidentinin fikirləri rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.

Xəbərlərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

Gürcüstan saytları, həmçinin Ermənistanın törətdiyi cinayətlərə Azərbaycanın layiqli cavab verdiyini də oxucuların diqqətinə çatdırıb.