Bolqarıstan Ali İnzibati Məhkəməsinin sədri Ermənistanın beynəlxalq humanitar hüququ pozması barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının Ali İnzibati Məhkəməsinin sədri Georgi Çolakovla görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, ombudsman 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq mülki əhali və obyektlərin atəşə tutulması faktlarını diqqətə çatdırıb. Ombudsman həmin dövrdə zərər dəymiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib. Görüş zamanı missiyanın nəticələrinə əsasən hazırlanmış hesabat və digər məlumatlar məhkəmə sədrinə təqdim edilib.
Eyni zamanda, ombudsman məcburi köçkünlərin azad edilmiş doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi üçün mina xəritələrinin təqdim olunmasının, eləcə də aidiyyəti beynəlxalq qurumlar tərəfindən bu məsələnin qaldırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra görüşdə Azərbaycan ilə Bolqarıstan arasında məhkəmə işləri üzrə təcrübə mübadiləsi həyata keçirilməsi barədə müzakirə aparılıb.


