Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb 

 

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir. 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. 

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb. 

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.