Azərbaycan Avropa Şurasının Bioetika Komitəsinin iclasında təmsil olunub
Avropa Şurasının Bioetika Komitəsinin (DH-BIO) plenar iclasında Azərbaycanı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayil Zülfüqarov təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda psixi sağlamlıq müəssisələrində könüllü tədbirlərin təşviqinə yönəlmiş müsbət təcrübə nümunələrinin toplanılması, bu müəssisələrə məcburi yerləşdirmə və müalicə ilə bağlı şəxslərin hüquqlarının və ləyaqətinin qorunmasına dair Əlavə Protokol, səhiyyə savadlılığı, genom redaktə texnologiyaları barədə fikir mübadiləsi aparılıb. Həmçinin öz sağlamlıqları ilə bağlı məsələlərə dair qərarların qəbulunda uşaqların iştirakı, aztapılan səhiyyə resurslarına ədalətli çıxış, süni intellekt, genomik tibb üzrə dialoqun təşviqi, büroya seçkilər və bir sıra digər təşkilati məsələlər istiqamətində müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.


