Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir 

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı Baş Konfransının 15-ci sessiyası keçirilir. 

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir. 

Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər. 

Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib. 

Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində "Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli"nin açılış mərasimi də keçiriləcək.