AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA

Şimali Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist münasibətlərinin təşəkkülü.

Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında.

XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti.

 Şimali Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist münasibətlərinin təşəkkülü XIX əsrin ikinci yarısında Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycan Ümumrusiya bazarına qoşuldu. Burada kapitalist münasibətlərinin inkişafı 60-cı illərə təsadüf edir. Bu dövrdə neft istehsalına mənfi təsir göstərən amillər-iltizam sistemi, kəndlilərin icbari əməyindən istifadə, neft və neft məhsullarına tələbatın azlığı və s. Bakı, Şəki, Şamaxı şəhərlərində manufaktura tipli müəssisələrdə, Naxçıvan duz mədənlərində, Salyan balıq vətəgərələrində, Zəylik zəy zavodunda bu və ya digər formada icbari əmək tətbiq olunurdu. Hökumət 1864-cü ildə Balaxanı neft mədənlərində quyulara təhkim edilmiş kəndlilərin (sonralar Naxçıvan duz mədənlərində, Zəylik zəy zavodunda və s.) icbari əməyini ləğv etdi. Bu tədbirlər nəticəsində dağ-mədən sənayesində azad muzdlu əməkdən istifadə olunmasına başlandı. 1860-cı illərdən başlayaraq Rusiyadakı müəssisələrdə neftdən sənaye miqyasında istifadə edilməsi Şimali Azərbaycanın neft və neft məhsullarına tələbatı artırdı. Neft hasilatına tələbatın artması yeni neft yataqlarının istismar edilməsinə və neftçıxarmada texniki təkmilləşdirmələr aparılmasına səbəb oldu. 1859-cu ildə Suraxanıda ağ neft istehsalına başlandı. 1861-ci ildə Pirallahı adasında parafin zavodu işə salındı. 1863- cü ildə Bakıda ikinci ağ neft zavodu inşa edildi (4, s. 175-176). 1865-ci ildə Gədəbəydə “Simens qardaşları” səhmdar cəmiy- 198 yətinin misəritmə zavodu istifadəyə verildi. Bu zavod Rusiyada ən iri misəritmə müəssisəsi idi (62). Çar hökuməti Gədəbəydə 10 min desyatindən çox meşə sahəsini posessiya (müəyyən şəxslərə şərti mülkiyyət hüququnun verilməsi) əsasında “Simens qardaşları” şirkətinə istifadəyə verdi. 1865-ci ildə Simens qardaşları Daşkəsəndəki kobalt yataqlarını istismar etmək üçün zavod tikdilər. 1861-ci ildə Nuxada Aleksey və Voronin qardaşları ipək fabrikinin əsasını qoydular. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində bu fabrikin məhsulları keyfiyyətinə görə medala layiq görülmüşdü. XIX əsrin 60-cı illərində kəndin getdikcə daha çox əmtəə-pul münasibətlərinə cəlb olunması satlıq məhsulların istehsalını çoxaldır, keyfiyyətinin yüksəldilməsinə diqqəti artırırdı. 1865-ci ildə verilən “Kənd cəmiyyətləri haqqında” qanuna əsasən vahid kənd idarəsi yaradıldı. Kənd cəmiyyətini kəndxuda və onun köməkçiləri idarə etməli idi. Kənd idarəsinə 25 yaşından yuxarı olan kəndlilər 3 il müddətinə seçilir, onları qubernator təsdiq edirdi. Kənd cəmiyyətinin ali orqanı kəndlilərin yığıncağı idi. Kənd yığıncağının kənd məmurlarını seçmək, onları kənd cəmiyyəti üzvlüyündən çıxarmaq, ictimai torpaqlar haqqında sərəncam vermək, dövlət vergilərini qaydaya salmaq hüquqları var idi. Mühüm məsələni həll etmək üçün bütün əhalinin səslərinin üçdəiki hissəsi tələb olunurdu. Kənd idarələri qəza və quberniya idarələrinə tabe olub, heç bir müstəqilliyə malik deyildi. Qanuna görə bəylər kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırıldılar. Burjua islahatları. 1870-ci il 14 may islahatı. Rusiya höküməti Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə sisteminə uyğunlaşdırmaq üçün Cənubi Qafqazda kəndli islahatı keçirməyə məcbur oldu. 1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi yaradıldı. 1861-ci ilin iyununda təsdiq edilmiş Cənubi Qafqaz diyarının mərzləşdirilməsi haqqında “Əsasnamə” əsasında dövlət, sahibkar torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi islahatın hazırlanması yolunda ilk addım idi. 1866-cı ildə Bakı, Şuşa, Tiflis və İrəvan bəy komissiyalarının yaradılması islahatın hazırlan- 199 masında ikinci addım idi (80, s. 3). Nəticədə 1870-ci il mayın 14-də II Aleksandr “Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında Əsasnamə”ni imzaladı (107, v. 2). “Əsasnamə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq və vergilər məsələsinə toxunulurdu. Onun əsas müddəaları: 1)Şimali Azərbaycanda sahibkar kəndliləri feodal asılılığından azad edilirdilər. 2)1847-ci il “Əsasnaməsi”ndə olduğu kimi, 15 yaşına çatmış kişilərə 5 desyatin əkinəyararlı torpaq verilirdi. 3)1847-ci il “Əsasnamə”sindən fərqli olaraq kəndlinin 5 desyatindən artıq torpaq sahəsi mülkədarın xeyrinə kəsib götürülür, torpağı 5 desyatindən az olan kəndliyə əlavə torpaq sahəsi verilməsi nəzərdə tutulmurdu. 4)Torpaq sahiblərinə bütün torpağın üçdəbir hissəsini öz əlində saxlamaq hüququ verilirdi (9, s. 211-212). “Əsasnamə”də kəndliyə pay torpağını satın alıb, mülkiyyətinə çevirmək hüququ verilsə də, Rusiyadan fərqli olaraq kəndliyə torpağı almaq üçün vəsait verilmir, həm də o, pay torpağını satın almağa məcbur edilmirdi. Torpağın satış qiyməti də Rusiyadakından baha idi. Bu məhdudiyyət özü Rusiyanın milli müstəmləkə siyasətinin təzahürü idi. 1870-ci il 14 may islahatının məhdud cəhətlərindən biri də onun yalnız sahibkar kəndlilərinə aid edilməsi idi. Kəndlilərin əksəriyyətini təşkil edən dövlət kəndliləri həmin islahatdan kənarda qalırdı. Məhdud cəhətlərinə baxmayaraq kəndlilərə torpaq əldə etmək hüququnun verilməsi burjua xarakteri daşıyırdı (4, s. 197-198). “Əsasnamə”yə görə, kəndli hüquqi cəhətdən şəxsən azad olub, sərbəst şəkildə istədiyi yerə köçə bilərdi (61). O, sahibkardan yalnız iqtisadi cəhətdən asılı idi (72, s. 129). Kəndlilər əvvəlki kimi yenə də öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq sahibinə verirdi. Əvvəllər meşələrdən pulsuz istifadə edildiyi halda, indi kəndlilər pul ödəməli idilər. “Əsasnamə”yə görə biyar ləğv olunurdu. Bu islahat Quba qəzasında 1877-ci ildə, Zaqatala dairəsində isə çox gec-1913-cü ildə keçirildi. 1870-ci il 14 may islahatı Şimali Azərbaycanda feodal-asılı münasibətlərinə güclü zərbə endirərək 200 kapitalist münasibətlərinin sonrakı inkişafına şərait yaratdı (9, s. 212). Məhkəmə islahatı. Şimali Azərbaycanda məhkəmə islahatı 1866-cı ildə keçirildi. İslahata əsasən: 1.Silki məhkəmələr ləğv edildi və vahid məhkəmələr yaradıldı. 2.Qəzalarda dairə məhkəmələri və barışıq şöbələri təşkil olundu. Dairə məhkəmələrini çarın təsdiqinə canişin təqdim edirdi. Bu məhkəmələr barışıq məhkəmələrinin qərarlarına nəzarət edir, onların səlahiyyətində olmayan bütün mülki və cinayət işlərini həll edirdi. 3. Məhkəmə iclasları açıq keçirilirdi və s. Məhkəmə islahatının müsbət cəhətləri ilə yanaşı, məhdud cəhətləri də var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar yalnız ruslardan təyin olunur, məhkəmə iclasları rus dilində aparılırdı. Məhkəmə hakimləri özbaşınaqlıq edir və rüşvətxorluqla məşğul olurdular (4, s. 201-204). Şəhər islahatı. Şimali Azərbaycanda 1870-ci il iyunun 16 təsdiq edilmiş “Əsasnamə”yə əsasən şəhər islahatı yalnız 1878-ci ildə həyata keçirildi. “Əsasnamə”yə görə, şəhər idarələri və dumalara seçkilərdə silki mədəniyyət ləğv olunsa da, əmlak senzi tətbiq olunurdu. Şəhərdə yaşayıb vergi verən əhalinin hər biri seçkilərdə iştirak edə bilərdi. 25 yaşına çatmayanlar və qadınlar bələdiyyə seçkilərində iştirak edə bilməzdilər. Şəhər dumalarının kiçik təsərrüfat işləri ilə məşğul olmaq hüququ var idi. Dumanın fəaliyyətinə qubernator nəzarət edirdi. Qafqazda bütün ali hakimiyyət canişinin əlində idi. Quberniyalarda bütün mülki və hərbi hakimiyyət qubernatora məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. Cənubi Qafqazın inzibati quruluşunda Rusiyadakı islahatlara uyğun müəyyən dəyişikliklər edildi: 1.1859-cu ildə Şamaxıda olan zəlzələ nəticəsində şəhər tamamilə dağıldığından quberniyanın mərkəzi Bakıya köçürüldü və Bakı quberniyası adlandı. 201 2.1860-cı ildə Dərbənd quberniyası ləğv edildi. Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı. Sonralar yaradılmış Cavad və Göyçay qəzaları da bu quberniyanın tərkibində idi. 3.1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarından alınmış ərazilər hesabına Yelizavetpol quberniyası yaradıldı. Ərəş, Cəbrayıl, Cavanşir qəzaları bu quberniyanın tərkibinə daxil edildi. 4.Şərur-Dərələyəz və Naxçıvan qəzaları İrəvan quberniyasına daxil idi. 1883-cü ildə Qafqaz canişinliyi ləğv edildi. Qafqazın idarə edilməsi Baş hərbi rəisə tapşırıldı (9, s. 212-213). Şimali Azərbaycanda kapitalist münasibətlərinin təşəkkülü. Keçirilən islahatlar nəticəsində kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafı sürətləndi. Kənd təsərrüfatında təkmil alətlər tətbiq edildi, texniki bitkilərin əkinləri genişləndirildi, bəzi sahələrdə məhsul istehsalının ixtisaslaşması və s. başlandı. Əkinə yararlı torpaqların üçdəiki hissəsinin çoxunda dənli bitkilər əkilirdi. Qızılboya, barama, sənaye pambıqçılığı, tütünçülük, biyan kökü istehsalına da xüsusi diqqət verilirdi. 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” kənd təsərrüfatında yeni texnikanın tətbiqində mühüm rol oynadı. Cənubi Qafqaza kənd təsərrüfatı alətləri və maşınları Batum, Poti və Bakı limanları vasitəsilə gətirilirdi. Bunlardan əsasən varlı kəndlilər və Rusiyadan köçüb gəlmiş kəndlilər istifadə edirdilər. 70-90-cı illərdə kənd təsərrüfatının bütün sahələrində muzdlu əmək tətbiq olunurdu. Kapitalizmin inkişafı nəticəsində torpaq alqı-satqı obyektinə çevrilirdi. İcarəyə götürülmüş torpaqlarda muzdlu əməyin tətbiqi artırdı. Dövlət kəndlilərindən pulla “həyət vergisi” adlanan torpaq töycüsü alınırdı. Sahibkar kəndliləri əvvəlki kimi malcəhət (torpaqdan istifadəyə görə 1/10) və bəhrə (suvarma suyundan istifadə edildiyi üçün) vergisi verirdilər. 1887-ci ildə başlayaraq Azərbaycan kəndliləri hərbi vergi adlanan mükəlləfiyyət də daşımağa başladılar. Xristian olmadıqlarına görə orduya çağırılmayan azərbaycanlılar 3 illik orta qazancı nəzərə alınmaqla müəyyən olunmuş həcmdə hərbi vergi verməli idilər. 202 Neft sənayesinin inkişafı. 1860-70-ci illərdə iltizam sistemi neft sənayesinin inkişafına bir növ buxov olmuşdu. Duru yanacağa tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə məcbur etdi. 1872-ci ilin fevralın 17-də iltizam sistemi ləğv olundu. Qanuna əsasən neft yataqları ayrı-ayrı şəxslərə birdəfəlik satıla bilərdi. 1872-ci ilin dekabrında ilk dəfə neft yataqları müzaidə (hərrac) vasitəsilə açıq satışa qoyuldu (4, s. 226). İlk növbədə neft sənayesi böyük kapital qoyuluşu tələb edirdi. Ona görə də neft mədənləri və tərkibində neft olan torpaqlar əsasən rus və xarici kapitalın əlinə keçirdi. 1879-cu ildə İsveç təbəəsi Nobel qardaşları “Nobel qardaşları” şirkətinin əsasını qoydular. 1880-cı illərdə Rotşildin, 90- cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz etdi. 70-80-cı illərdə neftli torpaqlara sahib olmuş neft sənayeçiləri arasında H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. İltizam sisteminin ləğvi, xarici kapital axını neft hasilatının və emalı texnikasının yaxşılaşmasına, neft məhsullarının daşınma vasitələrinin təkmilləşdirilməsinə səbəb oldu. Hələ 1871-ci ildə Balaxanıda buruqla ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-cü ildə Balaxanıda ilk neft fontanı vurdu. 1873-cü ildə quyuların qazılmasında ilk dəfə buxar mühərrikindən istifadə olundu (4, s. 219). 1878-ci ildə mədənləri neftayırma müəssisələri ilə birləşdirən buxar mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı (75, s. 274-275). 1880-ci ildə “Nobel qardaşları” şirkəti tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk darxətli dəmir yolu çəkildi (4, s. 220). 1878-ci ildə İsveçdə hazırlanmış dünyada ilk neft tankeri Bakı ilə Həştərxan arasında hərəkətə başladı. XIX əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft çıxarılmasına görə Bakı dünyada birinci yerə çıxdı. Neft məhsullarına marağın artması 1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına səbəb oldu. Bakı şəhəri həm neftçıxarma, həm də neft emalı mərkəzinə çevrildi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı-Neft sənayeçiləri qurultayı təşkil edildi. Təşkilatın başında Qurultay Şurası dururdu. 1894-cü ildə neft sənayeçilərinin Peter- 203 burqda keçirilən müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı”adlı inhisar birliyi yaradıldı. İstehsal olunan neft məhsullarının 98 %-nə bu inhisar birliyi nəzarət edirdi. Lakin bu birlik daxili çəkişmələr üzündən 1897-ci ildə dağıldı (4, s. 271). Neft emalı və neft hasilatı mexaniki istehsal, kükürd, kolçedan, kükürd turşusu, soda, gəmiçilik və neftlə bağlı olan bu kimi istehsal sahələrinin inkişafına ciddi təsir göstərdi. 1890-cı ildə H.Z.Tağıyev “Kaspi” gəmiçilik şirkətini yaratdı. 1894-cü ildə Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edildi. 1897-ci ildə H.Z.Tağıyev başqa sənaye sahələrinə kapital qoymaq üçün özünün neft mədənlərini müəssisələri ilə birlikdə ingilis kapitalistlərinə 5 milyon manata satdı və iqtisadiyyatın yeni sahələrinə-toxuculuq sənayesinə, gəmiçiliyə və balıqçılığa xeyli kapital qoydu. O, eyni zamanda ingilislərə satdığı müəssisələr əsasında yaradılmış “Oleum” səhmdar cəmiyyətinin 1,6 mln. manatlıq səhmini öz əlində saxladı (86, s. 68), bu cəmiyyətin icraçı direktorlarından birinə çevrildi. 1900-cü ildə H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması Azərbaycan müstəmləkə iqtisadiyyatına xas olan birtərəfli inkişaf meylini aradan qaldırmaq yolunda ilk addım idi. H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatınin müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk sənayeçi olmuşdur. Sənayenin başqa sahələri. Bakıda mexaniki zavodlar, gəmi təmiri emalatxanaları, buxar mühərrikləri ilə hərəkətə gətirilən dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları istehsal edən müəssisələr fəaliyyət göstərirdi. Azərbaycanda əlvan metallurgiya sənayesi inkişaf edirdi. Bu sənaye sahəsi rus və alman kapitalı əsasında meydana gəlmişdi.1883-cü ildə Qalakənd missaflaşdırma zavodu inşa edilmişdi. Gəncə, Gədəbəy və Cavanşirdəki mədənlərdən mis filizi; Daşkəsəndən dəmir, kobalt filizi; Cavanşir və Naxçıvandan gümüş, qurğuşun filizi çıxarılırdı. Zəylik kəndi yaxınlığında az miqdarda zəy əldə edilirdi. İpək emalı sənayesi əsasında Nuxa, Zaqatala, Qarabağ və Naxçıvanda yayılmışdı. Nuxa şəhəri “Qafqaz Lionu” adlandırılırdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci ildə Naxçıvanda inşa olundu. Xəzər dənizi nərə balığı növlərinin 204 zənginliyinə görə dünyada birinci yeri tuturdu. Azərbaycanın balıq və balıq məhsulları Rusiyaya, Almaniyaya, Avstriyaya, Fransaya, Polşaya, Amerikaya ixrac olunurdu. Rusiyada biyan kökü emalının mərkəzi Azərbaycan idi. Ləkidə, Ucarda, Gəncədə və Kürdəmirdə biyan emalı zavodları tikilmişdi. Bakı və Nuxada tütün fabrikləri inşa edilmişdi. Naxçıvanda daş duz, Bakı və Cavad qəzalarında isə şor-narın duz çıxarılırdı. Xəzər dənizində dünyada ilk dəfə neftdaşıyan gəmilər üzürdü. 1883-cü ildə Cənubi Qafqazda BakıTiflis dəmir yolu işə salındı (4, s. 249). 1900-cü ildə Biləcəri stansiyasını Petrovsk (Mahaçqala) ilə birləşdirən dəmir yolu xətti istifadəyə verildi (119, v. 2-3). Bununla Bakı bilavasitə Ümumrusiya bazarına çıxmaq imkanı əldə etdi. XIX əsrin sonunda dəmir yolu stansiyalarına yaxın olan (Ağstafa, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul) sənaye və ticarət mərkəzlərinin rolu artır, dəmir yolundan uzaqda olan (Nuxa, Şamaxı, Şuşa) ticarət mərkəzlərinin əhəmiyyəti isə azalırdı. XIX əsrin 80-90-cı illərində (Ucar-Göyçay, Yevlax-Nuxa-Zaqatala, Gəncə-Hacıkənd, Ləki-Ağdaş) dəmir yolu stansiyalarından qəza mərkəzlərinə şose yolları çəkildi. Həmin əsrin 60-cı illərindən etibarən Azərbaycan şəhərləri arasında teleqraf və telefon xətləri çəkilişi sürətləndi. 1864-cü ildə Tiflis-İrəvan-Naxçıvan-Culfa, 1868-ci ildə Bakı-Tiflis teleqraf xətləri çəkildi (108, v. 107). Bakı şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə işə salındı (82, s. 259, 267; 120). XIX əsrin ikinci yarısında iqtisadiyyatın inkişafı Azərbaycanda şəhərlərin sayının və əhalisinin artmasına gətirib çıxardı. Şimali Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi. Bakı, Şamaxı, Quba, Lənkəran şəhərləri Bakı quberniyasına, Gəncə, Nuxa, Şuşa şəhərləri Yelizavetpol quberniyasına, Naxçıvan və Ordubad şəhərləri İrəvan quberniyasına, Zaqatala şəhəri isə Tiflis quberniyasına daxil idi. Şəhər əhalisinin artım sürətinə görə Bakı (112 mindən şox) Rusiya imperiyası və Avropa ölkələrini ötübkeçdi. Əsrin sonunda Bakı əhalisinin cəmi 40 %-i azərbaycanlılar təşkil edirdi. Şəhərdə iş qabiliyyətli əhalinin 60 %-i fəhlələr təşkil 205 edirdi (4, s. 279). Bakıdan sonra əhalinin sayına görə Gəncə şəhəri gəlirdi, ticarət və sənayenin inkişafına görə isə ikinci yeri Nuxa şəhəri tuturdu. 1897-ci il əhali sayınına görə şəhər əhalisinin üumi sayı 270 min nəfərə çatmışdı, ki bu da öz növbəsində Azərbaycanın bütün əhalisinin 14%-dən şoxunu təşkil edirdi (81). Şəhər əhalisinin mili tərkibində azərbaycanlılar 53% təşkil edirdi. XIX əsrin sonunda hakim təbəqəyə daxil olanların ümumi sayı 15 min nəfəri keçmişdi. 1870-ci ilin şəhər “Əsasnaməsi” yalnız 1878-ci ildə Bakıda, 1892-ci ildə təsdiq olunan yeni şəhər “Əsasnaməsi” isə Gəncə şəhərində də tətbiq olundu. Şəhərlər inkişaf etdikcə onların xarici görünüşləri də dəyişirdi. İki və üşmərtəbəli evlər tikilir, bağlar salınırdı. 1859-cu ildə Bakıda “Qubernator bağı”, 1882-1883-cü illərdə “Nobel bağı” salındı. Bu şəhərdə ilk elektrik stansiyası “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus idi. Əsrin sonunda təsis edilmiş “Elektosila” səhmdar cəmiyyəti sonralar Bayıla və Ağ şəhərdə 2 güclü elektrik stansiyası tikdirmişdi. 1889-cu ildə Bakıda konka (atlardan qoşqu vasitəsi kimi istifadə olunan dəmir yolu) açıldı (4, s. 280). 1876-cı ilin martından Azərbaycanda da gildiya ticarət qaydasının tətbiq olunmasına başlandı (30). Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı dairəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet almalı idi. Birinci gildiya tacirləri bütün dövlətlərin mallarını “Rusiyanın hər yerində yük ilə, həm də tay, yaxud top” (34, s. 64-65) ilə satmaq üçün lazım olan qədər kontor, anbar, dükan açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsi alanlar isə şəhadətnamə aldıqları quberniya, qəza və kəndlərdə istənilən qədər dükan açıb, Rusiya və digər dövlətlərin mallarını sata bilərdilər (51, s. 179). 1887-ci ildə Bakıda ticarət yarmarkası təşkil edildi (4, s. 269). Millətin təşəkkülü. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda millətin yaranmasını zəruri edən amillər (kapitalizmin inkişafı, ümumi bazarın, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, burjuaziya və fəhlələrin formalaşması) özünü göstərməkdə idi. Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi 206 həyat birliyi, mədəniyyət birliyi zəminində tarixi sabit birlik kimi formalaşdı. “Azərbaycan milləti” sözünü ilk dəfə “Kəşkül” qəzeti işlətdi. Milli ziyalıların qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli millətin ideoloji təfəkkürünün formalaşmasında mühüm rol oynayırdılar. Türkşülük, milliyətçilik, dövlətçilik, demokratizm ideyalarını yayırdılar. Azərbaycanda milli burjuaziyanın təşəkkülü milli təfəkkürün inkişafına təsir göstərdi. Milli burjuaziyanın görkəmli nümayəndəsi H.Z.Tağıyevin istetadlı gəncləri Rusiya və Avropanın təhsil ocaqlarına göndərilməsində, məktəb, teatr və məscidlərin açılmasında böyük rolu olmuşdu. Millətin təzəcə təşəkkülü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan ziyalılar (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və b.) Azərbaycanın, xüsusilə Bakının ictimai-iqtisadi və siyasi həyatındakı yeni meylləri öz əsərlərində əks etdirirdilər. Bəhs edilən dövrdə yaşayıb-yaratmış qabaqcıl ziyalılarımız milli şüurun oyanmasında mühüm rol oynayırdılar. Milli intibah uğrunda mübarizənin görkəmli nümayəndələrindən biri M.F.Axundzadə idi. Azərbaycanın burjua inkişafı meylini düzgün görür və bu ideyaları “Əkinçi” qəzetində əks etdirirdi. XIX əsrin ikinci yarısında kəndli və fəhlə hərəkatı. Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq xəbəri Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə inzibatiərazi vahidi kimi yaradılmış Zaqatala dairəsində narazılığa səbəb oldu. Çarizmin kobud müstəmləkə siyasəti, məmurların özbaşınalığı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti bölgədə ziddiyyətlərin kəskinləşdirməsində mühüm rol oynadı. Zaqatalaya gəlmiş hökumət komissiyasının hazırladığı islahat layihəsinə görə, yengiloylar və muğalar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl sahiblərinin asılılığından azad edilməli idilər. Keşkəl sahibləri əsas gəlir mənbəyini itirmək təhlükəsi qarşısında qaldıqlarına görə burada islahatın keçirilməsini istəmirdilər. Yetişməkdə olan üsyanın başlanması üçün bəhanə 1862-ci ildə 207 Balakən kəndində kilsə tikilməsi oldu. Üsyan 1863-cü ilin iyununda rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın kəməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini keşkəl sahibləri, müsəlman ruhaniləri və xalq təşkil edirdi. İyunun 5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar toplamaq məqsədilə Hacı Murtuz imam elan olundu. Lakin Dağıstan camaatından gözlənilən köməyin gəlməməsi üsyan başlandığı andan üsyançılar arasında bir ümidsizlik yaratdı. İyunun 5-dən 6-na keçən gecə üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal üzvü dar ağacından asıldı, mindən çox üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa işlərinə göndərildi. Hacı Murtuz sürgün edildi. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyanın məğlubolma səbəbləri aşağıdakılar idi: 1) üsyan mütəşşəkil xarakter daşımırdı, yalnız Zaqatala dairəsi ilə məhdudlaşırdı. 2) qüvvələr nisbəti də qeyribərabər idi. 3) üsyançılar gözlədikləri köməyi ala bilmədilər. 4) onlar qətiyyətsizlik göstərdilər və həm də üsyançılar arasında istənilən birlik yox idi. Kəndli hərəkatı. XIX əsrin sonunda Azərbaycan kəndlərində ictimai təbəqələşmə prosesi sürətlənmişdi. Sahibkar və dövlət kəndlilərinin vəziyyəti ağır idi. Dövlət kəndlilərinin əksəriyyətinin 1-2 desyatindən artıq torpaq payı yox idi. Azərbaycana rus kəndlilərinin köçürülməsinin davam etdirilməsi kəndlilərin torpaqsızlaşmasına və ya az torpaqlı olmasına səbəb olurdu. Ağır vergilər kəndlilərin vəziyyətini daha da ağırlaşdırırdı. XIX əsrin son rübündə çarizmin zülmünə qarşı mübarizə daha da gücləndi. Kəndlilər vergi verməkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır, sahibkarlara məxsus torpaqları ələ keçirir, hökumət məmurlarının, bəylərin evlərinə hücum edir, onları yandırır, hətta sahibkarları öldürürlər. XIX əsrin son rübündə Qazax, Cavanşir, Yelizavetpol, Şuşa qəzalarında kəndlilərin fəal çıxışları oldu. XIX əsrin son rübündə 208 Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması həm dövlət, həm də sahibkar kəndlilərin iştirak etdiyi qaçaqçılıq idi. Qaçaqları xalq intiqamçıları adlandırırdılar. Müxtəlif dövrlərdə Qubadlıda Qaçaq Nəbi, onun arvadı Həcər xanım, Qazax qəzasında Qaçaq Kərəm, Dəli Alı, Qaçaq Nağı kimi şöhrətli qəhrəmanlar yetişdi. Qaçaq dəstələrinin qəhrəmanlıqlarına baxmayaraq, onlar məğlubiyyətə uğradılar. Onun əsas səbəbi qaçaq hərəkatında kəndlilərin miqdarca az bir hissəsinin iştirak etməsi, qeyri-mütəşəkkil olması və yerli xarakter daşıması idi. Fəhlə tətilləri. Bakıda neft sənayesi nəticəsində fəhlələrin sayı durmadan artırdı. Azərbaycan fəhlələri sosial-siyasi hüququlardan məhrum olub, az əmək haqqı ilə çox işləməyə məcbur idilər. Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək olması fəhlələrin vəziyyətini daha da dözülməz edirdi. Texniki təhlükəsizlik aşağı səviyyədə olduğu üçün müəssisələrdə onlarca fəhlə bədbəxt hadisələr nəticəsində həlak olurdu. Qadın və uşaq əməyindən də geniş istifadə olunurdu. XIX əsrin 70-ci illərindən başlayaraq Gədəbəy, Bakı və Nuxada dağınıq tətillər baş verirdi. Fəhlələr maaşların artırılması, ailəli fəhlələrə mənzillər verilməsi və bu kimi sosial və iqtisadi tələblər irəli sürürdülər. 1881 və 1895-ci illərdə Bakıda, 1896-cı ildə Ramana mədənlərində, 1898-ci ildə Gədəbəy misəritmə zavodlarında tətillər baş verdi. Beləliklə, XIX əsrin sonunda Azərbaycanda sənaye fəhlələri özunu mütəşəkkil qüvvə kimi göstərməyə başladı. 2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda XIX əsrin ikinci yarısında təbii-coğrafi şərait əkinçiliyin, maldarlığın inkişafına əlverişli şərait yaradırdı. Cənubi Azərbaycanda torpaqların əsas hissəsini xalisə adlanan dövlət torpaqları təşkil edirdi. 1886-cı ildə şah dövlət torpaqlarının satılması haqqında fərman verdi. İri feodallar, xüsusən ruhanilər taxıl möhtəkirliyi ilə məşğul olurdular. Kəndlilər dövlətə vergi verirdilər. Dövlət vergisi bir qayda olaraq paydar kəndlilərin 209 ümumi məhsulundan alınırdı. Kəndlilər dövlətə a) torpaq vergisi; b) baş pulu; c) “sərkəllə” (yarımköçəri həyat sürən maldarlar heyvanların sayına görə); d) “qapı pulu” (otlaqlara görə) və s. verirdilər. Kəndlilər əsas vergilərlə yanaşı, hərbi mükəlləfiyyətlər də daşıyırdılar. XIX əsrin 70-80-cı illərində Cənubi Azərbaycanda tacirlərin sayı artır, fəaliyyət dairəsi genişlənirdi. Onlar həm də sələmçiliklə məşğul olurdular. Xarici malların ölkəyə axını komprador burjuaziyanın (daxili bazarla xarici şirkətlər arasında vasitəçilik edən) inkişafı üçün şərait yaradırdı. Cənubi Azərbaycan kəndinə xarici kapital, xüsusilə də rus kapitalı nüfuz edirdi. 1891-ci ildə şah hökuməti tütün və tənbəki istehsalını ingilis kapitalisti Talbotun inhisarına vermişdi. Cənubi Azərbaycandan kəndlilərin kəsbkarlığa getməsi kütləvi şəkil almışdı. Xaricə iş dalınca gedənlərin əksəriyyəti Türkiyəyə, Cənubi Qafqaza (başlıca olaraq Şimali Azərbaycana), Volqaboyuna, Mərkəzi Asiyaya və s. yerlərə gedirdilər. Onlar getdikləri yerlərdə “qara fəhlə” kimi çalışır və yerli fəhlələrdən xeyli az maaş alırdılar. XIX əsrin 70-90-cı illərində Cənubi Azərbaycanda tez-tez çıxış və üsyanlar baş verirdi. 1872-ci ildə Təbrizdə vilayətin valisinə qarşı baş vermiş üsyan 1881-ci ildə onun Cənubi Azərbaycandan qovulması ilə nəticələndi. 1898-ci ilin avqust-sentyabr aylarında Zeynəb paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəlmişdi. 1892-ci ildə İranın bir çox yerlərində, o cümlədən Təbrizdə baş verən üsyan nəticəsində şah hökuməti tütün və tənbəki istehsalı üzərində ingilis Talbotun inhisar hüququnu geri alaraq onunla imzalanmış müqaviləni ləğv etdi. 3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti Şimali Azərbaycanın işğalından sonra Şimali və Cənubi Azərbaycanın mədəni inkişafında fərqlər nəzərə çarpmağa başladı. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda mədəniyyətin xarakterik xüsusiyyətləri bunlar idi: 1)yeni tipli məktəblərin və mədəni-maarif müəssisələrinin, milli mətbuatın və milli teatrın yaranması; 2) 210 qabaqcıl ziyalıların xalqın milli şüurunun oyanmasına ideya təsirinin güclənməsi. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda: 1.yüzlərcə milli məktəb və mədrəsələr fəaliyyət göstərirdi. 2. Bakı, Şamaxı, Şuşa, Nuxa və d. şəhərlərdə ədəbi dərnəklər, məclislər təşkil edilirdi. 3.Məktəblərlə yanaşı, ruhani məktəblərimədrəsələr də fəaliyyət göstərirdi. İbtidai və ali dərəcələrə bölünən mədrəsələrdə təhsil pulsuz idi. 4. Avropa təhsili görmüş milli ziyalılar nəsli yetişməyə başlamışdı. Belə ziyalılardan Rusiyada ali təhsil almış ilk azərbaycanlı Ağa bəy Yadigarovu, Almaniyada təhsil almış Məmmədağa Şahtaxtinskini göstərmək olar; 5. “Üsulicədid” (yeni üsul) adlı ictimai-pedaqoji hərəkat geniş yayıldı. Bu məktəblərdə təlim ana dilində aparılır, təhsil planına ümumtəhsil xarakterli fənlər daxil edilirdi. Bu tədris üsulunun əsas prinsiplərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçid idi. 6. Ana dilində ilk dərsliklər və dərs vəsaitləri hazırlanırdı. 7. 1872-ci il yeni məktəb əsasnaməsinə görə qəza məktəbləri pullu şəhər məktəblərinə çevrilmişdi. 8. Xalq məktəbləri adı ilə meydana gələn ibtidai kənd məktəbləri yaranırdı. 9. 80-ci illərdən başlayaraq rus-Azərbaycan məktəbləri yaranmağa başlandı. Məqsəd şagirdləri orta məktəbə hazırlamaq idi. İlk rus-Azərbaycan məktəbinin əsası 1887-ci ildə Bakıda H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən qoyuldu. Bu məktəblərdə tədris rus dilində olsa da, Azərbaycan dili icbari keçilirdi. 10. 80-90-cı illərdə bir sıra sənət məktəbləri (Bakıda, Gəncədə, Zaqatalada və s.) açıldı. 11. 1865-ci ildə Bakıda ilk orta təhsil məktəbi yarandı. 12. İlk qadın və kişi gimnaziyaları açıldı. 13. 1876-cı ildə Qori Müəllimlər Seminariyası təşkil olundu. 14. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi açıldı. İlk kitabxana-qiraətxanalar məktəblərin nəzdində açıldı. Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalardan biri 1868-ci ildə Gəncədə açıldı. 1894-cü ildə N.Nərimanov tərəfindən ilk Azərbaycan qiraətxanası təşkil edildi. Milli mətbuatın təşəkkülü. Şimali Azərbaycanda milli mətbuatın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdu. 1877-ci ilədək 211 qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi xalqı maarifləndirmək idi. 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində “Ziya” qəzeti çıxmağa başladı. 1880-cı ildən 1884-cü ilədək bu qəzet “Ziyayi Qafqaziyyə” adı altında nəşr olundu. 1880-ci ildə Tiflisdə “Kəşkül” qəzeti Cəlal Ünsüzadənin nasirliyi ilə işıq üzü gördü. Qəzet öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1880- 1890-cı illərdə Bakıda rus dilində “Kaspi”, “Baku” və b. qəzetlər nəşr olunurdu. İncəsənətin inkişafı: teatr, musiqi, memarlıq. 1873-cü il martın 23-də Bakı realnı məktəbinin həvəskar teatr truppası tərəfindən görkəmli dramaturqumuz Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə milli teatrımız yarandı. Xalqımızın böyük oğlu, xeyriyyəçi H.Z.Tağıyev 1883-cü ildə Bakıda teatr binası tikdirdi. 1895-ci ildə Azərbaycanın teatr xadimləri “Bakı artistlər cəmiyyəti”ni yaratdılar. XIX əsrin ikinci yarısında musiqidə böyük canlanma var idi. Peşəkar aşıqlardan Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə böyük şöhrət qazanmışdılar. Tarzən Sadıqcan tarı təkmilləşdirmişdi. Xanəndələrdən Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu və b. muğam sənətinin inkişafında misilsiz xidmətlər göstərmişdilər. Dövrün ən görkəmli memarı olan Qasım bəy Hacıbababəyov Bakıda böyük bir karvansara inşa etmişdi. 1865-ci ildə dənizkənarı bulvar salınmağa başladı. 1886-cı ildə isə Bakının ikinci qala qapıları tikilmişdi. Dövrün görkəmli rəssamlarından Mir Mövsüm Nəvvab “Quşlar”miniatürünü və Teymurləngin portretini çəkmişdi. Mirzə Qədim İrəvani “Cavan oğlan”, “Oturan qadın” və s. rəsmləri ilə təsviri rəssamlıq sənətini zənginləşdirmişdi. XIX əsrdə Cənubi Azərbaycan mədəniyyəti. Türkmənçay müqaviləsi bağlandıqdan sonra Azərbaycanın şimalı və cənubu müxtəlif sosial-iqtisadi və mədəni inkişaf yoluna qədəm qoydu. XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda dövlət elm və maarifin inkişafına az diqqət yetirirdi. Orta və ali təhsil ocaqları olan mədrəsələr fəaliyyət göstərirdi. Şagirdlər təhsil aldıqları müddətdə (10-12 il) mədrəsələrdə yaşayırdılar. Bir neçə yeni tipli 212 məktəbin açılması Qacarların deyil, vətənpərvər ziyalıların səyləri nəticəsində mümkün olmuşdu. Cənubi Azərbaycanda tarixşunaslıq elmi sahəsində bir sıra əsərlər yazılmışdı. Məhəmməd Rəzi “Zinət üt-təvarix”, Məhəmməd Sadıq “Cahanara”, Əbdürrəzzaq Dünbülü “Hökmdarın şanlı işləri” adlı əsərlərlə tarix elmini inkişaf etdirmişlər. XIX əsrin ikinci yarısında Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda milli mədəniyyətin zəif cəhəti onun hələ də fars dili ənənəsi çərçivəsindən çıxa bilməməsində idi. Şimaldan fərqli olaraq Cənubi Azərbaycan ziyalıları doğma dilin ədəbiyyat, mətbuat və publisistikada hakim dilə çevrilməsi uğrunda mübarizə aparmırdılar. Buna baxmayaraq maarif və mətbuat sahələrində böyük irəliləyişlər var idi. 1869-cu ildə Təbrizdə “Mədrəseyi-Nasiri”, 1877-ci ildə Təbriz Dövlət Mədrəsəsi, 1878-ci ildə Urmiyada Ali Tibb Məktəbi açılmışdı. “İran maarifinin atası” adlandırılan Mirzə Həsən Rüşdiyyə 1888-ci ildə Təbrizdə “Debestan” adlı ilk üsuli-cədid məktəbini təsis etmişdi. Cənubi Azərbaycanda mətbuatın əsası 1858-ci ildə nəşrə başlayan “Azərbaycan” qəzeti ilə qoyuldu. 1880-cı ildə “Təbriz”, 1884-cü ildə “Mədəniyyət” adlı qəzetlərin nəşrinə başlandı. Mühacirətdə olan azərbaycanlı ziyalıların İstanbulda nəşr etdirdikləri ‘Əxtər” (1875) və “Şahsevən” qəzetləri geniş şöhrət qazanmışdı.