Azərbaycanın müasir hərbi texnologiyası beynəlxalq siyasi ekspertlərin gözündə


            Azərbaycan ordusu döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi  nəticəsində nəzərdə tutulan uğurlara nail olmuşdur. Artıq Azərbaycan ordusu ən müasir texnoloji, taktiki, intellektual, fiziki-psixoloji, maddi-texniki, mənəvi üstünlüyünü və müasir döyüş texnikasını döyüş meydanında qətiyyətlə nümayiş etdirir.  

            Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, on mindən artıq canlı qüvvəsi, müasir hərbi raket kompleksləri məhv edilərək sıradan çıxarılıb, bir hissəsi də qənimət kimi götürülüb və 25 mindən artıq döyüşçüsü yaralanaraq döyüş qabiliyyətini itirib. Düşmənin hərbi texniki və döyüş vasitələrinin maddi itkiləri təxminən 3,3 milyard dollar qiymətləndirilir. Ermənistanın maliyyə naziri Canquzanyanın hesablamalarına görə Ermənistanın iqtisadiyyatına bu 39 gün ərzində 1 milyard 170 milyon dollar zərər dəyib. Hərbi əməliyyatlardan əvvəl də sosial-iqtisadi vəziyyəti xeyli ağır olan Ermənistana bu hərbi və iqtisadi ziyanın bərpası üçün 25 il vaxt lazım olacağı proqnozlaşdırılır.

            Azərbaycan ordusunun uğurları nəticəsində dünya ölkələrinin nüfuzlu insanlarının, bir sıra siyasi ekspertlərin, politoloqların  Qarabağ münaqişəsinə olan fikirlərini qeyd etmək olar.

Rusiyalı politoloq: “Azərbaycan müharibəni udacaq"

“Müharibə Azərbaycan ərazisində gedir. Bütün dünya, o cümlədən BMT tərəfindən Dağlıq Qarabağ və ətrafı Azərbaycan ərazisi hesab olunur. Prinsipcə, hüquqi və siyasi cəhətdən bu müharibədə heç kəs Azərbaycanın haqqını şübhə altına ala bilməz”.

Moskva müxbirinə müsahibəsində rusiyalı politoloq, tarix elmlər doktoru Aleksandr Sıtin deyib.

"Böyük ehtimalla Azərbaycan müharibəni udacaq və Dağlıq Qarabağı yenidən öz ərazisinə qatacaq". A. Sıtin Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı cəbhədə göstərdiyi hərbi üstünlüklərdən də danışıb: “Mən Azərbaycanın bu müharibədə göstərdiyi iki şeyə heyranam. Birincisi, Azərbaycan bu 30 il ərzində, heç kəsə heç nə demədən yüksək döyüş qabiliyyətli ordu yarada bilib. İkincisi, əlbəttə ki, Azərbaycanın siyasi qərarlar səviyyəsində bütün hərbi əməliyyatların ancaq Qarabağ ərazisində aparılmasına nail olmasıdır. Bu, sözsüz ki, böyük layiqli işdir”.

Rusiyalı politoloq Maksim Şevçenko: "Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək"

 “Azərbaycan Ordusunun uğurlarını fövqəladə hesab edirəm. Azərbaycan Ordusu Vətən torpaqlarını xarici işğalçılardan get-gedə təmizləyərək Qarabağ düyününü də açmağa doğru gedir”.

Rusiya bürosuna açıqlamasında rusiyalı jurnalist və politoloq Maksim Şevçenko dilə gətirib.

Rusiyalı politoloq Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək gücündə olduğunu dilə gətirib: “Fikrimcə, Azərbaycan Ordusu ölkəsinin suverenliyini tam şəkildə bərpa etməklə dövlət sərhədinə çıxıb onu bütövlükdə nəzarətə götürəcək. Sərhədin qarşı tərəfində isə Ermənistanda yerləşdirilən rusiyalı sərhədçilər duracaq. Bundan sonra da, çox güman ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına başlamaq, sülh sazişi imzalamaq, Azərbaycanın sərhədlərini təsdiqləməklə iki xalq arasında əməkdaşlığın təməlini qoymaq lazım gələcək”.

Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib. "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var. Bunu əslində Azərbaycan Ordusu hazırda sübut edir".

Rusiyalı analitik Yevgeni Krutikov : Ermənilər “biz o zaman qalib gəlmişdik, indi də Bakıya kimi gedərik” əfsanəsi ilə yatıb-dururdular.

Rusiyanın “Vzqlyad.ru” nəşri Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasından ötən bir ay ərzində Ermənistan qoşunlarının məğlubiyyətinin səbəblərini araşdırıb.

Yevgeni Krutikovun müəllifi olduğu materialda artıq Ermənistan ordusunun geri çəkildiyi vurğulanır. Qeyd olunur ki, Azərbaycan ordusu Dağlıq Qarabağda müdafiə xəttini yararaq irəliləyib və hazırkı vəziyyət Ermənistan qoşunlarının strateji məğlubiyyətindən danışmağa imkan verir. Müəllif Ermənistan və “DQR”-in kəşfiyyat strukturlarının səriştəsizliyini diqqətə çatdıraraq yazır ki, Azərbaycan artıq yay aylarından Dağlıq Qarabağla sərhədə iki döyüş korpusunu və döyüş qabiliyyətli hissələrini cəmləmişdirmişdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə anbarlar tikilir, təchizat sistemləri çəkilirdi. Ermənistan kəşfiyyatı nə bu, nə də Azərbaycanın çoxlu sayda silah alması barədə də rəhbərliyə düzgün məlumatlar verməmişdi.

Yevgeni Krutikovun fikrincə, ermənilər 1990-cı illərin əvvəllərində qazandıqları uğurların psixoloji təsirindən çıxa bilmirlər. Azərbaycan ordusunun kəmiyyət və keyfiyyət baxımından üstünlüyünə baxmayaraq, ermənilər “biz o zaman qalib gəlmişdik, indi də Bakıya kimi gedərik” əfsanəsi ilə yatıb-dururdular. Paşinyanın rəhbərliyi dövründə Ermənistan kəşfiyyatının 3 rəhbəri vəzifəsindən azad edilmişdi və tanınmamış “DQR” bəzi rəhbərləri “ruslar bizə lazım deyillər, biz onlarsız da Bakıya piyada gedib çıxarıq” deyirdilər.

Materialda deyilir ki, “DQR”-in hava hücumundan müdafiə sistemləri “OSA”, “Kruq” və “KUB” komplekslərindən ibarətdir. Lakin Azərbaycan İsrail və Türkiyə istehsalı olan PUA-lar aldıqdan sonra bütün bu yaxınradiuslu köhnəlmiş sistemlər artıq heç nəyə yaramır. Dağlıq Qarabağda hava hücumundan müdafiə sistemləri (HHMS) az, Azərbaycanın PUA-ları isə çoxdur. Üstəlik də Azərbaycan ordusu ermənilərin HHMS-lərini raketlər və uzaqmənzilli artilleriya ilə sıradan çıxarıb. Ermənistan bu sahədə Azərbaycanla rəqabət apara bilmir. Yerevanın PUA-sının az olması, hətta olmaması da demək olar ki,  Azərbaycanın batalyon taktiki qruplarına, az qala, paraddakı kimi hərəkət etmək imkanı verir.

Müəllif Dağlıq Qarabağın 25 il əvvəl qurulmuş müdafiə sisteminə arxalandığını, lakin bu illər ərzində Azərbaycan ordusunun xeyli inkişaf etdiyini nəzərə almadığını vurğulayır. Azərbaycan qoşunlarının Laçının təxminən 5-10 kilometrliyində olduğunu və Laçın dəhlizinin itirilməsinin ermənilər üçün artıq strateji fəlakət olduğunu yazan rusiyalı analitik qeyd edir ki, onsuz da cəbhənin cənubunda xeyli ərazinin itirilməsi ermənilər üçün ciddi siyasi və mənəvi məğlubiyyətdir. Məhz cənub istiqamətdə irəliləyişi rəsmi Bakı bir aylıq döyüşlərdə özünün mühüm qələbəsi və əsas siyasi nailiyyəti hesab edə bilər. Xəritəyə baxarkən, Azərbaycanın mərkəzdən zərbə endirəcəyi, Qarqarçay boyunca irəliləyərək, Ağdamdan və Xocalıdan keçərək Xankəndinə çıxacağını düşünmək olardı. Elə ermənilər də 25 il ərzində məhz bu zonada müdafiəni bərkitmişdilər. Lakin Azərbaycan ordusu bu zonada hücuma keçmədi. Taktiki manevrlər edərək digər istiqamətlərdən yəni işğal olunmuş başqa rayonların ərazilərindən irəliləyərək düşmənin illərdir möhkəmlətdiyi istehkamları darmadağın etdi. Mərkəzdə yalnız qarşılıqlı artilleriya atışmaları müşahidə olunur. Buna görə də ermənilər mərkəzdə böyük canlı qüvvə saxlamağa məcburdurlar.

 Əməliyyat təşəbbüsü tamamilə Azərbaycan tərəfindədir və Azərbaycan ordusu bütün cəbhə boyunca qüvvələrin yerini dəyişə, yeni planlar həyata keçirə, ehtiyat qüvvə gətirə bilir. Ermənilər isə cənubda “təhlükəsizlik kəməri”ni əldən verəndən sonra əks-hücum barədə düşünə belə bilmirlər. Bütövlükdə, bütün bunlar Ermənistan üçün siyasi sondur. Ermənilər indi yalnız passiv müdafiəyə hazırdırlar. Ermənilərin Qarabağda hərbi revanşın Azərbaycanın əsas milli strategiyası olduğunu da nəzər almadıqlarını qeyd etmək olar. Bu səbəbdən Ermənistan hakimiyyətinə  qarşı onun yürutdüyu strategiyaya qarşı  nüfüzlu şəxslərdən etirazlar səslənir.

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. 

"Bu hökumət istefaya getməli və bütün gücü orduya təhvil verməlidir",- deyə edilən çağırışda bildirilir ki, sadəcə Qarabağ deyil, Ermənistanın dövlətçilik maraqları da təhlükədədir. Manukyan hətta xam xəyallara qapılaraq, ölkəsinin çıxılmaz vəziyyətinin düzələcəyinə də ümid etdiyini bildirib: "Vəziyyəti düzəldə bilərik, amma mövcud hakimiyyətlə deyil".

Rusiyada yaşayan erməni milyonçu, “Monarx” şirkətinin baş direktoru, texniki elmlər doktoru Sergey Ambartsumyan Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Erməni mediasında yayılan məktub ölkədəki vəziyyəti tam aydınlaşdırmaqla bərabər, cəmiyyətdə böyük rezonans doğurub.

“Dalandan çıxmaq üçün variant” adı ilə yayılan müraciətdə Ambartsumyan Paşinyana müraciətlə qeyd edib ki, 2018-ci ildə xalq heç də sənin xidmətlərinə görə deyil, əvvəlki hakimiyyətə səmimi etirazına görə ardınca gedib:

“Onlar daha ədalətli və perspektivli dünyada, xoş və işıqlı aurada yaşamaq üçün sizin ardınızca getdilər və əminəm ki, siz də buna inanırdınız. Mən hakim deyiləm və son 5 ildə baş verənləri qiymətləndirməyə hazırlaşmıram – buna daha sonra xalq qiymət verəcək. Ancaq siz təsdiqləyə bilərsiniz ki, bütün xalq artıq bizim çıxılmaz vəziyyətdə olduğumuzu, tam krizis durumuna düşdüyümüzü görür”.

1992-ci ildə də ağır vəziyyətə düşdüklərini, buna baxmayaraq, “qalib gəldiklərini” xatırladan Ambartsumyan Rusiyasız heç nəyi həll etməyin mümkün olmadığını bildirib. Ona görə də şirkət direktoru təklif edib ki, Paşinyan təcili vəzifədən getməli və hakimiyyəti Rusiyanın etibar etdiyi şəxsə verməlidir. “Tam dəqiqdir ki, Ermənistanın hazırda düşdüyü ciddi problemləri siz həll etmək imkanında deyilsiniz. Siz hakimiyyəti kritik situasiyada xalqı konsolidasiya edə bilən liderə verməlisiniz”.

            Qeyd edək ki, məktubun erməni rəsmi mediasında da dərc edilməsi artıq hakimiyyət böhranının və ölkənin çıxılmaz duruma düşməsinin etirafı kimi qəbul olunur. Hazırda Ermənistanda ciddi şəkildə müzakirə edilən məsələlərdən biri də Paşinyanın hakimiyyəti hərbçilərə təhvil verməsidir. Bu isə ordu rəhbərliyində hərbi çevriliş hazırlığı haqda məlumatların yayılmasına səbəb olub.

Nikol Paşinyanın hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti rəhbərliyindən bir neçə nəfəri istefaya göndərməsi də bununla əlaqədardır.

Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan tutduğu vəzifədən kənarlaşdırılıb. Oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tabe olan Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan da işdən azad edilib. Həmçinin oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan işdən çıxarılıb. Eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan eyni taleyi yaşamalı olub. Onların hamısı xəyanətdə ittiham edilir. Ehtimal edilir ki, Paşinyan hökuməti həm də bu yolla cəbhədəki uğursuzluqları ayrı-ayrı vəzifəli şəxslərin ayağına yazıb sudan quru çıxmaq niyyətindədir. Hərbi məğlubiyyətin fakturasını qurban seçilmiş günah keçilərinə yükləməklə vəziyyətdən çıxmağa çalışan Nikol Paşinyan bu vaxta kimi eyni metoddan dəfələrlə istifadə edib inqilab zamanı verdiyi vədləri yerinə yetirə bilmədikdə müxtəlif sahələrdə vaxtaşırı kadr dəyişiklikləri həyata keçirsə də, bu dəfə istənilən nəticəni əldə etməsi və nişangahdan yayınmağa müvəffəq olması müşkül məsələdir. Çünki müharibənin hərbi-siyasi rəhbərliyini məhz Nikol Paşinyan həyata keçirir və bütün məsuliyyət də şəxsən ona məxsusdur.

Əksinə, bu kimi kadr dəyişiklikləri və xəyanət ittihamları Ermənistanda əhalinin dövlətə qarşı inamsızlığını artırmaqdadır, hakimiyyətin, xüsusilə hərbi komandanlıq və siyasi rəhbərliyin monolitliyi ciddi və əsaslı şübhələr altına düşüb və komandadaxili parçalanma effekti yaradıb. Bütün bunlar isə məğlubluq sindromuna düçar olmuş Ermənistan cəmiyyətində mənəvi durumu və psixoloji əhval-ruhiyyəni daha da sarsıdır, onsuz da, kövrək olan həmrəyliyi baltalayır. Ölkə daxilində ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşir.

            Hərc-mərclik və tabesizliyin yayıldığı belə bir şəraitdə fərrarilik halları geniş vüsət alıb. Ermənistanda itaətsizlik o həddə çatıb ki, artıq insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara və döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi vətəndaş itaətsizliyi və fərarilik Nikol Paşinyanı Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyanı belə oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərməyə sövq edib. Lakin bu da baş verənlərin qarşısını almağa kömək etmir. Görünür, bu adla Vahe Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır. Belə nəticəyə gəlmək olar ki, Paşinyan hərbi çevrilişdən çox narahatdır.

Fransanın “Voltairenet” portalı: Paşinyan müharibədən istifadə edərək müxalifəti neytrallaşdırır

 “Voltairenet” portalında “Nikol Paşinyan müxalifəti neytrallaşdırır” sərlövhəli yazı dərc olunub.

Yazıda 2018-ci ilin mayında Corc Soros fondunun dəstəyi ilə təşkil olunan dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən istifadə edərək müxalifəti neytrallaşdırdığı bildirilir.  Qeyd olunur ki, o, bu məqsədlə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru (2018-2019) və müxalifətin lideri general Artur Vanetsyanın cəbhədə həbs olunması əmrini verib. Vurğulanır ki, Corc Sorosun tərəfdarları onu xaricə casusluq etməkdə günahlandırırlar.

Ermənistanın "Adekvad" hərəkatının təsisçisi Konstantin Ter-Nakalyan

belə deyir ki, "Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz".

 

"Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Başqa yol yoxdur!"

Bu sözləri Rossiya-1 telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq artisti Karen Şahnazarov deyib.

Şahnazarov çıxışı zamanı Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illüziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb: "Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalıdır. Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Hansı ki, erməni əhalisinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur. Ermənistan cəmiyyətində hökm sürən bəzi illüziyalar var, məsələn, "Biz İsrailik" illüziyası. İsraildə tamam başqa vəziyyətdir. Birincisi, İsrail qat-qat güclüdür. İkincisi, yəhudi diasporu erməni diasporundan qat-qat nüfuzludur".

Kinorejissor qeyd edib ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur: "Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbassla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Hər halda 7 rayon qaytarılsa, Qarabağ nə edəcək?! Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur".  

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir. Cəbhədə müvafiq qaydada cavab verə bilməyən erməni hərbçiləri Azərbaycanın dinc əhalisinə alçaq zərbələr endirirlər”.

Rusiya bürosuna verdiyi açıqlamada rusiyalı ekspert, beynəlxalq münaqişələrə dair mütəxəssis Yevgeni Mixaylov Ermənistan ordusunun Bərdə şəhərinə raket hücumları nəticəsində 21 dinc sakinin həlak olmasını, 70 nəfərin xəsarət almasını şərh edərkən dilə gətirib.

“Yerevanın bu münaqişəyə KTMT-ni də dartıb çəkmək cəhdləri adamı məyus edir. Belə ki, Ermənistan ərazisindən dinc məskənləri atəşə tutmaqla Paşinyan və onun adamları öz ərazilərinə qarşı cavab zərbələrə nail olub özlərini müdafiə etmək bəhanəsilə üçüncü tərəfi cəlb etməyi hədəfləyirlər”, - deyən ekspert bu kimi davranışların bağışlanmaz olduğunu deyib: “İndi cavab tədbirlərlə qarşı tərəf kütləvi şəkildə zərərsizləşdirilməlidir. Yəni yalnız Azərbaycanın dinc əhalisi arasındakı itkiləri dəfələrlə üstələyən tələfatla üzləşmək qorxusu hər hansı təxribatların qarşısını ala bilər”.

Akira Matsunaqa: "Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir"

Ermənistan ordusu uzun illərdir ki, işğal altında saxladığı Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini dərhal və qeyd-şərtsiz olaraq tərk etməlidir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokio Universitetinin professoru Akira Matsunaqa deyib. Ermənistan ilə Azərbaycan arasında artıq bir aydır davam edən qızğın döyüşlərə münasibət bildirən yapon professor qeyd edib ki, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Məhz Ermənistan ordusu sentyabrın 27-də atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycan ərazisində təxribatlar törədib. Müharibənin gedişində Rusiya və ABŞ-ın vasitəçiliyə ilə əldə edilən üç humanitar atəşkəsin pozulmasının günahkarı da Ermənistandır. Hər üç halda Ermənistan raketlərdən istifadə edərək Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə hücum edib. Professor deyib: “Düşünürəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın uşaqların və digər mülki şəxslərin ölümü ilə nəticələnən bu vəhşi, qeyri-insani hücumlarını pisləməli və bunun dayandırılmasına çalışmalıdır”.

A.Matsunaqa vurğulayıb ki, Ermənistan dövləti artıq 30 ildir BMT Təhlükəsizlik Şurasını müvafiq qətnamələrinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf əraziləri işğal altında saxlayır. Ermənistan təcili olaraq, həmçinin heç bir şərt irəli sürmədən bu torpaqları tərk etməlidir.

Yaponiya hökumətinin münaqişəyə münasibətini bildirən yapon professor qeyd edib ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

            İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon

"Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir. Azərbaycan da daxil olmaqla, hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz qəbuledilməz və əsassızdır "

Britaniya parlamentinin Lordlar Palatasının üzvü: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Malkolm Brus bu ölkənin Xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Dominik Raaba məktub ünvanlayıb.

O, məktubunda Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşməsindən narahatlığını ifadə edərək, Böyük Britaniya hökumətini problemin həlli yollarının axtarılmasında dünya birliyi ilə əməkdaşlığa çağırıb.

Məktubda deyilir: “Mətbuatda tez-tez “mübahisəli” kimi təsvir edilən həmin ərazi Azərbaycanın ayrılmaz hissəsidir. 1988-ci ilə qədər ermənilərin azərbaycanlılarla birlikdə yaşadığı və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ uğrunda iki həftə davam edən şiddətli döyüşlərdən sonra atəşkəs razılaşması əldə olunub. Həmin vaxtda yerli erməni əhalisi erməni millətçilərinin təhriki ilə Dağlıq Qarabağın Ermənistana birləşməsi tələblərini səsləndirməyə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri qanunsuz olaraq “müstəqil” qondarma “Dağlıq Qarabağ respublikası”nın yaradılmasına razı oldular. Nəticədə yüz minlərlə azərbaycanlı vətəndaşın qaçqın və məcburi köçkün halına düşməsinə səbəb olan ağır silahlı toqquşmalar baş verdi”.

Qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağdakı erməniləri dəstəkləsə də, o, bu ərazini Azərbaycanın ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və onun ətrafındakı işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 26 ildir ki, vəziyyət demək olar dəyişməz qalıb. “Oktyabrın 10-da Azərbaycan ilə Ermənistan arasında hər iki tərəfin əsir və cəsədlərinin mübadiləsinə icazə verilməsi üçün əldə edilmiş humanitar atəşkəs razılaşmasının pozulması, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə və döyüş zonasından tamamilə kənarda yerləşən digər şəhərlərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalması xəbərləri məni çox kədərləndirir və narahat edir. Nəticədə uşaqlar da daxil olmaqla, mülki şəxslər qətlə yetirilib və yaralanıb”, - deyə məktubda vurğulayıb.

Etnik erməni azlıqların hüquqlarını qorumaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamənin qəbul edilməsinin vaxtının çatdığını bildirən Lord Malkolm Brus yazıb: “Beynəlxalq səviyyədə əldə olunmuş atəşkəs yalnız münaqişənin uzadılmasına xidmət edir. Azərbaycanda işləyən və azərbaycanlılarla birgə iş təcrübəsi olan biri kimi əminliklə deyə bilərəm ki, Azərbaycan çox dinc və tolerant insanları olan dünyəvi dövlətdir. Azərbaycanda ləzgilər, talışlar, kürdlər, ruslar və yəhudilər də daxil olmaqla, bir çox etnik azlıqlar birgə yaşayırlar. Həqiqətən də bu ölkədəki yəhudilər əsrlər boyu Azərbaycan müsəlmanları ilə heç bir münaqişə və ya narahatlıq ilə üzləşməyiblər. Azərbaycan böyük bir yəhudi icmasının məskunlaşdığı nadir müsəlman ölkəsidir”.

Mən BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası və davamlı atəşkəsə, sülhə nail olmaq məqsədilə Böyük Britaniya hökumətini öz nüfuzundan istifadə etməyə çağırıram”, - deyə Lord Malkolm Brus məktubunda vurğulayıb.

            Bütün bu ölkələrin nüfuzlu şəxslərinin söylədikləri əsaslı və faktı fikirləri bir daha sübut edir ki, Ermənistan Azərbaycana qarşı ədalətsiz bir müharibə başladıb. Ancaq görünən odur ki, Ermənistan tamamilə dünyanın gözündə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Azərbaycan dövlətinin qarşısında acizdir. Bunu özümüz şərh etmirik, bunu xarici ölkələrin tanınmış siyasi ekspertləri təsdiq edir. Beləliklə bu müharibənin sonu Ermənistanı bəlli bir sona, yəni, hakimiyyət böhranına, sonra siyasi böhrana və daxili qarşıdurma yaradacaq ehtimalını artırır.

 

Resurs Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti