Azərbaycan dövlətinin regionda və dünyada siyasi və iqtisadi nüfuzu və potensialı yüksəldikcə ordumuzun hərbi texniki gücü, imkanı, müasir texniki təchizatı daim inkişaf edir və onun döyüş qabiliyyəti yüksəlir. Bu artıq elə bir prosesdir ki, dövlətin və ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq və regional layihələr öz bəhrəsini verdikcə əhalinin, vətəndaşların sosial-iqtisadi rifah halı yaxşılaşdıqca hərbi qüdrəti də yüksələn xətt üzrə inkişaf edir. Çünki şəxsi heyətin təchizat və təminatı, yaşam standartlarının yüksəlməsi, elmi-texniki nailiyyətlərin əldə olunması və orduda tətbiqi, bu sahədə mütəxəssislərin yetişdirilməsi Azərbaycan ordusunun döyüş qabiliyyətinin, peşakarlıq səviyyəsinin və hərbi qüdrətinin göstəricisinə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yerini möhkəmləndirmişdir. Bu da Azərbaycan dövlətinin dönməz müstəqilliyinin atributlarından birinin - hərbi müdafiə siyasətinin ardıcıl planlı strategiyasıdır.

Əldə olunan bu nəticə heç də asanlıqla başa gəlməyib. Əsrin əvvəllərində yaranmış tarixi şəraitdə müstəqilliyini elan etməklə Şərqdə ilk demokratik respublika adına yiyələnən Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci ilin 26 iyun tarixli fərman ilə müstəqilliyin əsas atributlarından ən vacibi olan Azərbaycan Milli Ordusunun əsası qoyuldu, avqustun 1-də isə hərbi nazirlik təsis edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, genetral-leytenant Əliağa Şıxlinski isə Nazir müavini təyin edildilər.

Həmin dövrün ağır şəraitində Qafqaz İslam Ordusu ilə birgə çətin döyüş yolu keçərək Azərbaycanın bir çox rayonlarını işğal etmiş erməni, bolşevik və ingilislərdən ibarət ayrı-ayrı hərbi qüvvələri yenməklə 1200 nəfər civarında Osmanlı və Azərbaycan türkünün şəhidliyi hesabına 1918-ci il sentyabrın 15-də Bakı və Azərbaycan tamamilə düşmənlərdən xilas olur və ölkənin ərazi bütövlüyü təmin olunur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun zabit heyətinin bir hissəsi Rusiyanın ali hərbi məktəblərində bu ağır hərb sənətinin sirlərinə yiyələnmiş azərbaycanlı zabitlər idilər. Azərbaycanın igid hərbçiləri içərisində Çar Rusiyası ordusunun tərkibində Birinci Dünya müharibəsində saysız-hesabsız qəhərəmanlıq nümunəsi göstərərək ali rütbələr almış sərkərdələr var idi. Məhz bu sərkərdələr və onların başçılıq etdiyi hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək bacarıq göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti taborlarında xidmət edirdilər.

Azərbaycan hərbçilərinin sonrakı qəhrəmanlığı İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. Bu müharibənin tərkib hissəsi kimi Almaniyanın SSRİ-yə hücumu ilə başlanan sovet xalqlarının Böyük Vətən müharibəsi imperiyanın mttəfiq respublikalarından olan Azərbaycandan da yan keçmədi. Bu müddət ərzində 700 min nəfərdən çov nümunəvi və qorxmaz Azərbaycan oğul və qızları səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur. Müharibənin başlanmasından bir neçə ay sonra - 1941-ci iilin sonunda artıq xalq qoşunu dəstələrinə 187 min nəfər azərbaycanlı döyüşçü yazılmışdı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanın 77-ci milli atıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya KerçTamanNovorossiyskMozdokMineralnıe-vodı uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhramanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov sancdı.

Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər.

77-ci diviziya 1944-cü ilin iyul ayından başlayaraq Pribaltikada və Rusiyada gedən döyüşlərdə fəal iştirak etdiyinə görə, onun yüzlərlə əsgər və zabiti orden və medallarla təltif edildi, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azərbaycan milli diviziyası döyüş əməliyyatlarına Krımdan başlamış və 11000 kilometrə yaxın məsafəni qət edərək, müharibəni Berlində qurtarmışdı. Diviziyanın döyüş yollarında Heybət HeybətovTərlan ƏliyarbəyovMahmud ƏbilovMəmmədbağır BağırovHacıbaba ZeynalovHüseyn Məmmədov kimi generallar yetişmiş və onların hər biri böyük sərkərdəlik məharəti göstərmişlər.

Azərbaycanın 223-cü milli atıcı diviziyasının döyüş yolu 1942-ci ilin yayında Şimali Qafqazdan, başlayaraq, Ukrayna və MoldovadanBolqarıstanYuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalnlarla təltif edilmişdi. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində QroznıMozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi. 1944-ci ilin əvvəlində 402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. Komanda heyətinin milli tərkibini gücləndirmək məqsədilə diviziyaya respublikadan azərbaycanlı hazırlıqlı və təcrübəli komandirlər heyəti göndərildi. Diviziyada siyasi tərbiyə işlərinə respublikadan 300 nəfərdən çox partiya işçisi göndərilmişdi. Görkəmli yaradıcı ziyalılardan Üzeyir HacıbəyovSəməd VurğunRəsul RzaBülbülNiyazi Hacıbəyov, Mustafa TopçubaşovHeydər Hüseynov və digərləri dəfələrlə həmin diviziyada olmuşlar.

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü. Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.

416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georqi Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.

416-cı milli diviziya II dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən - RumıniyadanBolqarıstandan, Yuqoslavinyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.

Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmiş, diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilmişdi.

İkinci Dünya müharibəsindən sonrakı Sovetlər Birliyi sistemində isə Milli ordu və milli kadrların formalaşması prosesi yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonraya təsadüf edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir. Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, bu prosesə milli yanaşmanı formalaşdırdı.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, Sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə iki illik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edildi, hərbi xidmətə hazırlıq işlərinə diqqət artırıldı, gənclərin xidmətə yola salınması xalqın və dövlətin qayğısı ilə əhatə olundu.
Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Məlumdur ki, Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Heydər Əliyev özü də bildirirdi ki, hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə bir vəziyyətin mövcudluğunu Heydər Əliyev narahatçılıqla qarşılayırdı. Bu narahatçılığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, rus dili müəllimləri hazırlayan ayrıca bir institut yaradıldı, Azərbaycan Dövlət Pedaqoji institutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi, məktəblilər arasında hərbi oyunların keçirilməsi davamlı xarakter aldı, respublikadakı hərbi komissarlıq orqanlarının fəaliyyətinə tələbkarlıq artırıldı, respublika rəhbərliyi tərəfindən bu sahədə təşkilatçılıq işləri gücləndirildi.

Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.

Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Ali Hərbi Dənizçilik Məktəbində xarici ölkələrdən gələn xeyli sayda kursant təhsil alırdı. Onların arasında azərbaycanlıların sayı son dərəcə az idi. Heydər Əliyevin özünün də xatırladığı kimi, bu ali hərbi məktəblərin hər birinə ildə 300 nəfər qəbul olduğu halda, XX əsrin 70-ci illərində Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində cəmi 10-15 nəfər, Bakı Ali Hərbi Dənizçilik Məktəbində isə cəmi 1-2 nəfər azərbaycanlı zabit peşəsinə yiyələnirdi. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, bu vəziyyət bir tərəfdən o vaxt Sovet hakimiyyətinin siyasəti idi və İttifaq rəhbərliyi orduda yüksək vəzifələrə başqa millətlərin, o cümlədən azərbaycanlıların yüksəlməsini istəmirdi. Digər tərəfdən, azərbaycanlılar arasında hərbi peşəyə soyuq münasibət var idi. Bu vəziyyətin dəyişdirilməsi üçün Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.

Heydər Əliyev bununla da kifayətlənmədi və İttifaq miqyasında olan ali hərbi məktəblərdə təhsil alan gənclərin də sayı artırıldı. Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında İttifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. Ulu Öndər sonradan xatırlayırdı ki, bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. “Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu, bizə lazım olacaqdır”.

Nəhayət, Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin mübarizliyinin, fədaklarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.

Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri- adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı".
C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynamışdır. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Onlar indi də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmasıyla fəxr edirlər.
İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu. Keçən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən 70 illik fasilədən sonra Azərbaycan xalqının intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilə bilmədi. Əslində, heç qiymətləndirilə də bilməzdi. Çünki SSRİ-nin dağılması ərəfəsində respublikaya rəhbərlik edənlər nüfuzlarının və vəzifələrinin itirilməsi təhlükəsini milli maraqlardan üstün tutdular, dünyada və bölgədə gedən proseslərin mahiyyətini lazımınca qiymətləndirə bilmədilər, İttifaq hakimiyyətinin Azərbaycanın milli maraqlarına qarşı təcavüzkar mövqedə dayanmasının fərqinə varmadılar. Azərbaycana qarşı həyata keçirilən haqsızlıqlara qarşı genişlənən xalq hərəkatı fonunda hakimiyyətə gələnlərin isə səriştəsizliyi, təcrübəsizliyi, xalqın milli mənafelərinə laqeyd münasibətləri Azərbaycan Ordusunun yaranmasını son dərəcə mürəkkəb bir vəziyyətlə qarşılaşdırdı. Azərbaycan xalqına qarşı geniş miqyaslı təcavüzə başlamış Ermənistanla müqayisədə müdafiə qüvvələrinin formalaşdırılmasını ayrı-ayrı iddialı adamların ixtiyarına buraxılması Azərbaycanda ordu əvəzinə, idarəolunmaz silahlı kütlənin meydana çıxmasına səbəb oldu. Ayrı-ayrı Azərbaycan vətəndaşlarının ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq kimi ülvü hissləri düşmənə qarşı mübarizəyə səfərbər edilməli olduğu halda, ayrı-ayrı şəxslərin ordunu parçalamaq istiqamətində apardıqları təxribatların qarşısında ümid edilən qüvvəyə çevrilmədi. Dövlətin ordu quruculuğuna rəhbərliyi təmin edə bilməməsi isə ordunun tamamilə parçalanmasına, siyasi mənsubiyyətə görə qruplaşmasına, bəzi cinayətkar şəxslərin ətrafında cəmləşdirilməsinə yol açdı.

Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı, xalqla ordu bu böyük vəzifənin icrasına səfərbər edilər, Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq ordunun parçalanmasına, dağıdılmasına yol verməzdi.
Bu sözlərin doğru olduğunu Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi vaxt, sonra Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna işlərlə sübut etdi.

Ulu Öndərin siyasətinin digər sahələrdə olduğu kimi hərbi sahədə də varisliyinin layiqli davamı bugünkü Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi güclü və qüdrətli Azərbaycan Ordusudur. Bu ordu dünyanın ən güclü 50 ordusu sırasında öz xüsusi yer tutur. Bu gün Azərbaycan ordusu dünyanın ən müasir silahları ilə təchiz olunmuşdur. Ölkəmizin özü isə daim yeniləşən proqressiv texniki nailiyyətlərdən istifadə etməklə yeni silahların istehsalını təkmilləşdirərək inkişaf etdirir.

Azərbaycan Silahlı Qüvvələri bu gün dünyada ən güclü və hazırlıqlı ordulardan biri hesab olunur. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovada, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində xidməti fəaliyyət aparırlar. 2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.

2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan "İstiqlal" və "Yalquzaq" snayper tüfəngləri, "Qaya" qumbaraatanı, Gürzə patrul maşını, Xəzri avtomatı və "Zərbə" PUA-nı və digərlərinin adlarını qeyd etmək olar. Eyni zamanda, hazırda ölkəmiz bir çox ölkələrdən müasir silahlar idxal edir.

Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığa geniş yer verdiyi, bu ölkədən yeni silah və texnikalar aldığı məlumdur. İsrail şirkətləri tərəfindən Azərbaycan Ordusunun inventarındakı T-72 tankları və BMP-2 tipli piyadaların döyüş maşınları modernləşdirilib. Həmçinin, tanklarda Elbit Systems şirkətinin TİSAS adlı atış kontrol sistemləri qurulub. Bundan başqa, Azərbaycan İsraildən 9 ədəd "Links" reaktiv yaylım atəş sistemləri, 120 mm-lik "Cardom" minaatanları, "Spike-SR/LR" tipli tank əleyhinə raket kompleksi, 16 ədəd "Aerostar", 2 ədəd "Hermes-450", 16 ədəd "Heron-1", 16 ədəd "Orbiter-2M" tipli pilotsuz uçuş aparatı, 9 "Barak-8" kompleksi (75 raket), 2 ədəd EL/M-2080 "Gren Pine" hava hücumundan müdafiə sistemi alıb. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda 30 "Aerostar" və 30 "Orbiter-2M" pilotsuz uçuş aparatı kompleksinin istehsalına dair sifariş alınıb. Bundan əlavə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə Rusiya tərəfindən 2021-ci ilədək Bakıda 120 min ədəd AK-74M tipli avtomat sılahının istehsalına lisenziya da verilib. Rusiyadan açıqlanmayan sayda T-72 tankı, T-90S tankı, BTR-80A, 2 ədəd "Skorpion LŞA" və 2 ədəd "Skorpion LŞA-B" tipli zirehli transportyor alınıb. Bundan başqa, 2008-ci il də Azərbaycanla Rusiya arasında 6 ədəd Mi-17V1, 2009-cu ildə 2 ədəd Ka-32A, 40 ədəd Mi17-V1, 2010-cu ildə 4 ədəd Ka-32PS, 24 ədəd Mi-35-M, 20 ədəd Mi-17V-1 tipli helikopterin, 1 ədəd Mi-24 tipli helikopter simulyatorunun, 2007-ci ildə 16 ədəd S-300 pmu-2 "Favorit" zenit-raket kompleksinin, 2010-cu ildə 60 ədəd X-95E "Uran" gəmi əleyhinə raketin satın alınmasına dair müqavilələr bağlanılıb.

Azərbaycanın silahlanmasında Türkiyənin də xüsusi payı vardır. Məlum olduğu kimi, 2010-cu ildə Azərbaycan Türkiyədən 70 ədəd, 2011-ci ildə açıqlanmayan sayda "Cobra" tipli ZTR, 80 ədəd müxtəlif zirehli texnika alıb. 2011-ci ildə tərəflər arasında 36 ədəd 155 mm-lik T-155 "Fırtına" özüyeriyən Haubitsaların alqı-satqısına dair müqavilə bağlanıb. Həmçinin, Türkiyə tərəfindən 2010-cu ildə Azərbaycana 107 mm-lik T-107 reaktiv atəş sisteminin, 2011-ci ildə isə 120 mm-lik HY1-12 tipli minaatanların istehsalına lisenziya verilib.

Hazırda, Azərbaycan ordusunun arsenalında ən müasir silahlar mövcuddur və bu 2016-cı ilin aprel döyüşlərində Azərbaycan döyüşçülərinin şücaəti və müasir imkanları ilə bir daha sübut olundu. Bu barədə Ali Baş Komandan öz çıxışında bildirmişdir: "Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, 10 minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki bizim hərbiçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər.Eyni zamanda, bu döyüşlərin mənəvi-psixiloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində düşmən təbliğatı belə bir mif yaratmışdı ki, guya onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi. Daha sonra isə 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə, Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağıQaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib".

Azərbaycan ordusu hazırda özünün ən güclü inkişaf dövrünü yaşayır. İki yüz illik müstəmləkədən sonra öz müstəqilliyinə qovuşmuş Azərbaycanın milli dövlətçilik atributlarından biri olan milli ordu quruculuğu və silahlı qüvvələr hazırda dünyanın 50 ən güclü ordusu sırasında özünəməxsus yer tutaraq ən müasir texnoloji, texnik inkişaf dövrünü yaşayır.

Bayramın mübarək, Azərbaycan Ordusu! 101 yaşın mübarək, Şanlı Ordu!!!