Xalqımızın mənəvi dəyərlərini zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Hər hansı bir etnosun milli-mənəvi dəyərlər sistemini onun əlindən tamamilə almış olsaq, o zaman həmin etnosun adından savayı heç nəyi qalmaz.

"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi və Milli Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki şəhərindəki "Marxal" İstirahət Kompleksində "Milli mətbəximizin zənginliyi tariximizdir" adlı tədbir keçirilib. Tədbirdən öncə qonaqlar Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olan qədim Şəkinin gəzməli-görməli yerləri, xüsusən Şəki Xan Sarayı ilə tanış olublar.

Tədbirdə "Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev çıxış edərək rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, gələcək planları, qarşıda duran vəzifələrdən danışıb. R.Quliyev həmçinin tədbir haqqında ətraflı məlumat verərək milli mətbəximizin xalqımızın tarixində, mədəniyyətində, xarici ölkələrdə apardığımız təbliğatda mühüm yer tutduğunu qeyd edib. Bildirib ki, tədbirin keçirilməsində Şəki şəhəri heç də təsadüfən seçilməyib. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına özünə məxsus töhfəsini verib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb.

Heydər Əliyev Mərkəzinin Şəki bölməsinin, Şəki "Yuxarı Baş" Dövlət Tarix Memarlıq Qoruğunun, Şəki şəhər "Sənətkarlar Evi" nin sədrləri Rəşadət Sadıqov, Yusif Məmmədov, Mənsur Əlizadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölməsinin əməkdaşı Samir Salehov çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı görülən işlərdən danışıblar. "Müasir Azərbaycan Qadını" İctimai Birliyinin sədri Kəmalə xanım Muradlı, "Elin Səsi" Milli Dəyərlərimizə Dəstək" Təşkilatının təmsilçisi Ziya Yaqublu, yenilik.az və aydınlıq.az saytlarının baş redaktoru Xanlar Fətullayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova, "Simurq Azərbaycan" Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramova tədbir barədə öz fikirlərini bildiriblər.

Tədbirdə SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev, QHT təşkilatlarının və Kütləvi İnformasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azər Ələşrəfov,

"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri