Milli Şura sosial şəbəkədə özünü “batıra-batıra gedir” - lağ-lağılar, “kələ” söhbətləri…

Rasim Quliyev: “Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər... ”

Artıq neçənci dəfədir ki, Milli Şura adlandırılan qurumun gizli videokonfranslarının məzmunu ictimailəşdirilir. Hər dəfə də biz orda, siyasətdən başqa, istənilən mövzuda söhbətin getdiyinin şahidi oluruq. Əgər ötən dəfə müzakirə mövzusu cinsi azlıqlar olmuşdusa, bu dəfə daha “maraqlı” mövzulara müraciət olunub.

Milli Şura üzvlərinin “zoom konfransı”ndan yeni görüntüdə yenə də digər partiyaların ünvanına təhqiramiz ifadələr yer alıb - Milli Şuranın sədri Cəmil Həsənli müxalifət partiyalarını “tryapka” adlandırıb. Onun bu fikirləri isə digər müzakirə iştirakçıları tərəfindən də məmnunluq və təbəssümlə qarşılanıb.

Bundan başqa, görüntülərdə xarici diplomatların Azərbaycan xalqını aşağılayan fikirlərinin də Milli Şuranın üzvləri tərəfindən bəyənildiyi və təsdiqləndiyi görünür. Gültəkin Hacıbəyli isə inəyin “ərinin” “buğa” və ya “kələ” olması ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. Maraqlıdır, adını ciddi siyasi təsisat qoyan qurum niyə özünü sosial şəbəkələrdə belə nüfuzdan salır?

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Milli Şura ilə bağlı dəfələrlə fikir bildirib:“Azərbaycanda konstruktiv müxalifətə doğrudan da ehtiyac duyulur, amma biz siyasi palitrada bunu görə bilmirik. Bunun da bir sıra əlamətləri özünü göstərir. Üfüqdə güclü müxalifətin görünməməsinin birinci şərti Prezident və komandasının güclü olmasıdır. İkinicisi budur ki, xalq mərhum Heydər Əliyevin və onun layiqli davamçısı olan indiki Prezidentin siyasətini tam dəstəkləyir. Hazırkı iqtidarın bütün sahələr üzrə apardığı siyasət alternativ tanımır. Bununla yanaşı, biz müxalifət cəbhəsində intellekt kasadlığı da görürük. Milli Şuranın iclasları başqa bir reallığı da üzə çıxarır. Onlar bilirlər ki, iclasda hətta ciddi məsələni müzakirə etsələr belə, bunun ictimai rəyə təsiri olmayacaq. Bu səbəbdən də, yalnız statusu qorumaq üçün, arada formal toplantılar keçirirlər. İndi texnologiyalar inkişaf edib və biz həmin iclası izləyə bilirik. Uzun illərdi ki, onlar belə müzakirələri çayxana formatında aparırdılar. Əgər belə müzakirələrin cəmiyyətə təsiri yoxdursa, onun səviyyəsi elə qeybət  və ondan da aşağı olacaq”.

Rasim Quliyev hesab edir ki, sağlam rəqabət inkişafı şərtləndirir:“Biz də istərdik ki, iqtidara sağlam rəqabətdə olan güclü, intellektli müxalifət formalaşsın. Belə raqəbət, həm də dövlət idarəetməsini asanlaşdırır. Bizdə, faktiki olaraqə. islahatları da Prezident aparır, komanda ilə rəqiblik edən də onun özüdür. Məmur özbaşınalığının da geniş vüsət almasının bir səbəbi güclü müxalifətin olmaması ilə bağlıdır. Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər. Cəmiyyətin tələbi ilə ayaqlaşa bilməyən, yalnız mövcudluqlarını sübut etməyə çalışanlardan bundan artıq heç nə gözləmək olmaz. Onların müzakirəsində Azərbaycan üçün aktuallıq kəsb edən nəsə yoxdur, ola da bilməz”.

Məhəmmədəli QƏRİBLİ