UEFA kubokunun final oyununun Bakıda keçirilməsinə nail olmaq üçün gərəkli addımların atılması və yüksək nəticəyə görə, rəsmi Bakını və Azərbaycan xalqını cari taktiki qələbə münasibətilə təbrik etmək olar. Hələ nəzərə alsaq ki, ölkəmiz və dövlətimizin Qərbdəki və qonşuluqdakı əleyhdarları "qara piar"lı kampaniyasını başlatmaqla əslində nəticə etibarilə, heç qətiyyən müqayisə olunmayacaq nisbətdə Azərbaycan dövlətinin və vətəndaşının üstün olduğunu aşkar etdi. Yəni bu "qara piar" əslində başlanmasaydı, idmanı siyasiləşdirmək cəhdi olmasaydı bəlkə də bir idman bayramı yaşanardı, ötərdi...

Lakin qısa zamanda real nəticəsi ortaya çıxacaq bir iş - hələ üstəlik dəyişilməsi və geri dönüşü mümkün olmayan bir proses üzərində qara piar qurmaq yəqin ki, rəqiblərin ən zəif və ən axırıncı intiqam vasitəsidir, deyə düşünə bilərik.

İdmanı siyasiləşdirməklə başlanan qara piara ən azından cavab verilməsi və ya izahat xarakterli çıxışlar Bakı finalının ikiqat təbliğatına çevrildi

Çox uğursuz həm də arqumentsiz "faktlara" istinad etməyə çalışanlar, görünür reallıq hissini itirmişlər. Hətta təəccüb doğuran haldır ki, bu "qara piar"çılar necə olur ki, bu qədər kobud və bəsit səhvə yol verirlər? Finala təxminən 20 gün qalmış müxtəlif dairələrin Bakıda keçiriləcək qarşılaşmanı bütün detalları və tərəfləri ilə əleyhinə və ya lehinə müzakirəyə çıxartmaqla, əslində isə polemika açmaqla, idmanı siyasiləşdirməklə başlanan "qara piar"a ən azından cavab verilməsi və ya izahat xarakterli çıxışlar Bakı finalının ikiqat təbliğatına çevrildi. Onu da nəzərə alaq ki, bu kampaniya cəmisi 20 günə hesablanmalıdır, çünki qısa zamanda bütün reallıq, gerçəklik və fakt ortaya çıxandan sonra "qara piar"çılar arqumentsiz qalır və bu isə əks tərəfin - Bakının ikiqat mütləq qələbəsinə çevrilir. Həm təbliğata kömək etmiş olurlar, həm də öz üzərində qələbə möhürünün vurulmasına rəqibə yardım edilir.

Deyəsən indiki dünyada ağıllı texnoloq problemi var!

Dünyanın və Avropanın ən böyük auditoriyaya malik aparıcı kütləvi informasiya vasitələrini özündə əks etdirən 204 ölkənin (!) KİV-lərindən ibarət, hesablamalara görə təxminən 2 milyarda yaxın tamaşaçı-azarkeş auditoriyasının diqqəti Bakı gecələrində səmanı bəzəyən atəşfəşanlığın qığılcımları ilə işıqlanan Azərbaycanın paytaxtına yönəlmişdir. Bu intriqanı qızışdıran, hətta Bakı finalına diqqəti artıran digər bir faktor isə 2 ingilis idman klubunun kubok uğrunda döyüşü idi. Yeri gəlmişkən, 2 ingilis klubunda cəmisi 1 ingilis – “Arsenal”ın futbolçusu Ensli Meytlend - Nayiz futbol oynayırdı, o da uduzdu... Bu fakt da düşünmək üçün diqqət çəkə bilər. İngilis yumoru ilə belə bir çoxmənalı deyim çıxır ortaya - görünür İngiltərədə daha ingilis qalmayıb (bəs hardadılar?).

İndi isə qısaca qiymət verməyə çalışaq. Əvvəla, UEFA kubokunun Bakı finalı Azərbaycan dövlətinin ardıcıl sürətdə həyata keçirdiyi çox vacib faktor olan daxili sabitlik şəraitində sosial inkişaf proqramına uyğun şəkildə xüsusən, indiki qarışıq və narahat dünyada həm Şərqdə, həm Qərbdə - Avropada, hər an, hər küçədə və hər tində vətəndaşın və turistin - insanın həyatını təhdid edən terror təhlükəsinin mövcud olduğu bir zamanda idman siyasətinin ardıcıl həyata keçirilməsi və ən müasir standartlara cavab verən idman turizm infrastrukturunun qurulmasının təsdiqidir. Əlbəttə, bundan əvvəlki və qurulmuş mexanizm və sistem üzrə artıq adi hala çevrilmiş, hazırda davam edən beynəlxalq idman və digər tədbirlərin keçirilməsi praktikası və yaradılmış mövcud infrastruktur Azərbaycanın dünya miqyasında nüfuzunun və imicinin yüksəlməsinə, möhkəmlənməsinə xidmət edir. Daxili sabitlik - xalqın maddi-mənəvi təminatı, sosial siyasətin düzgün həyata keçirilməsinin və xüsusən ardıcıl siyasətin nəticəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan və “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan da Azərbaycanın təbliğatını sona qədər apardılar

Eyni zamanda, sabit əmin-amanlıq dövlətin xarici siyasətdə inamlı və qətiyyətli, milli mənafeyə uyğun iqtisadi və digər siyasət yürütməsinə əsas verir və Prezident İlham Əliyevin bütün detallar və aidiyyəti olan bütün cari və perspektiv sahələr nəzərə alınmaqla çevik və komplekt siyasət yürütmək istedadı və syiasi temperamenti bundan maksimum istifadə olunmasına münbit imkanlar yaradır.

Əlbəttə xarici siyasətin düzgün həyata keçirilməsi - dünyada dostluq, əməkdaşlıq, tolerantlıq və inkişaf devizi ilə konkret layihələr və təşəbbüskarlıq həyata keçirən Azərbaycan dövləti və rəsmi Bakı sözün həm məcazi, həm də əsl mənasında finallara ev sahibliyi etmək statusu qazanmışdır.

Bakıda keçirilən ingilis finalı isə, şübhəsiz ki, ilk növbədə ingilis futbol məktəbinin şousu kimi çox qiymətli və diqqətçəkən idi ki, bu amil dünyada olan bütün futbol və bütün idman ictimaiyyətinin nəzərini cəlb edən məsələ idi, bunu arzulayan da, arzulamayan da, istəyən də, istəməyən də, hətta erməni azarkeşləri də diqqətlərini Bakı şəhərinə çevirməyə məcbur idilər! Bu düzgün xarici siyasətin cari uğuru kimi qiymətləndirilə bilər. Üstəlik də Azərbaycan dövlətinin ağılsız "qara piar"çıları bir az Bakının təbliğatına yardım etdilər, hətta siyasətdə belə bir düstur var ki, o düsturu tətbiq edərkən düşmənin də hər hansı hərəkət və hərəkətsizliyindən istifadə edilir. Bu məqamda Ermənistanın baş naziri Nikol Paşinyan və “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan da Azərbaycanın təbliğatını sona qədər apardılar. Yəni onların da hərəkəti əslində Azərbaycan dövlətinin siyasətinə xidmət etmiş oldu.

Və dünyanın gözlərinin Bakıya çevirdiyi vaxt demək olar ki, bütün dövlətlərin yerli və nüfuzlu beynəlxalq telekanalların kameraları vasitəsilə 204 ölkəyə, o cümlədən Ermənistana translyasiya olunmaqla təxminən 2 milyardlıq auditoriyanın diqqəti Bakıya yönəlmişdi. Yaxud da Bakı növbəti dəfə həmişəki kimi yeni bayram əhval ruhiyyəsi ilə dünyaya təqdim olunurdu.

“Azərbaycan naminə birləşək" kampaniyası - Azərbaycanda əyalətdə və mərkəzdə, kənddə və şəhərdə cəsarətlə istənilən bir evin qapısını döyün

Biz Azərbaycan vətəndaşlarını 13-23 may tarixlərində "Azərbaycan naminə birləşək" kampaniyası ilə birləşməyə yer, doğum və dil, milli və dini mənsubiyyətinə fərq qoymadan hər kəsə Azərbaycan qonaqpərvərliyini, Azərbaycandakı inkişaf və əmin-amanlığı, Qafqaz mərdliyininin şahidi olmaq üçün ölkəmizə dəvət etməyə səslədik. Və avropalı, asiyalı, afrikalı yaxud amerikalılara müraciət edərək dedik "Buyurun siz Azərbaycanda əyalətdə və mərkəzdə, kənddə və şəhərdə cəsarətlə istənilən bir evin qapısını döyün" Azərbaycanlılar sizi içəri dəvət edib ən gözəl nemətlərə qonaq edəcəklər.

Biz 3 dildə məqalə və videoroliki Bakıda olan bütün diplomatik nümayəndəliklərə, xaricdə olan çox sayda beynəlxalq digər təşkilatlara elektron ünvanlarına göndərdik, və yenə deyirik ki, bunu kampaniya yox daimi xarakter və gündəlik iş kimi qəbul edək. Gəlin "Azərbaycan naminə birləşək" və növbəti uğurlara imza ataq!