ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası Türkiyənin əsas dövlət bayramı olan Cümhuriyyət günündə, Palatanın Kəşfiyyat Komitəsinin sədri, Kaliforniyadan olan millət vəkili, Demokratlar Partiyasının ermənipərəst üzvü Adam Şiffin təqdim etdiyi saxta "erməni soyqırımı" haqqında uydurma qətnamə layihəsini səsə qoyaraq, lehinə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 223, əleyhinə 191 səslə rəsmi olaraq tanıdı. Yalnız, Respublikaçılar Partiyası bu uydurma sənədə qarşı çıxıb. Məlumat üçün bildirirəm ki, hələlik bu sənəd yalnız Nümayəndələr Palatasının mövqeyini ortaya qoyur. Qanun layihəsi konqresin hər iki qanadı tərəfindən həm Nümayəndələr Palatası, həm də Senatda qəbul olunarsa, sənəd prezidentin imzası ilə qanuniləşir və hüquqi qüvvəyə minir. Deməli, hələlik adıçəkilən sənəd yalnız Nümayəndələr Palatasının mövqeyini əks etdirir. Bu isə onu deməyə əsas verir ki, həmin qanun layihəsinin heç bir hüquqi qüvvəsi yoxdur. Fikrimcə demokratlar belə bir addım atmada iki məqsəd güdür. Birincisi, ABŞ prezidenti Donald Trampın impiçmentinə hazırlaşır və bu yolla ondan qisas alırlar. İkincisi isə “Suriya məsələsi”ndə ABŞ-a qulaq asmayan, Rusiya ilə birgə hərəkət edən Türkiyəni cəzalandırmaq istəyir.

Artıq, bu məsələ ilə bağlı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da münasibət bildirərək deyiblər ki, “bu qərarın heç bir hüquqi əsası yoxdur və Türkiyə hüquqi müstəvidə bu məsələyə layiqli cavab verəcək”. Tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir. Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub. “Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”. Türkiyənin Xarici İşlər Nazirliyinin ABŞ Nümayəndələr Palatasının qətnaməsinə qarşı bəyanatında bildirilir ki, bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur. "Suriyada həyata keçiridiyimiz “Barış bulağı” əməliyyatının qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas alacaqlarını düşünməkdə yanılırlar. Çünki bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı yoxdur”, Bu qərar hələ 1948-ci ildə qəbul edilmiş “Soyqırımın qarşısının alınması haqqında” Konvensiyanın müddəalarına, eyni zamanda ABŞ qanunlarına və beynəlxalq hüquqa zidddir, beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan bir qərar mövcud deyil: "Əksinə, Avropa İnsan Haqları Məhkəməsi bunun qanuni mübahisə olduğunu qəbul edib. Həmin ildə baş verən hadisələrə siyasi deyil, tarixi baxımından yanaşılmalıdır və bu hadisə ilə əlaqədar Türkiyənin 2005-ci ildə "Ortaq Tarix Komissiyası"nın qurulması təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırlanmalıdır".

Türkiyənin XİN-in bəyanatında o da bildirilir ki, beynəlxalq və regional təhlükəsizlik baxımından fövqəladə həssas bir dövrdə qəbul olunan bu qərar Türkiyə və ABŞ əlaqələrini çətinə salmağa istiqamətlidir və bu qərarın ABŞ-ın milli maraqlarına verdiyi və verəcəyi zərərlərin təqdiri amerikalı siyasətçi və idarəçilərlə ABŞ xalqınındır: "Buna görə məsuliyyət daşıyanların ABŞ xalqı tərəfindən qınanacağına inanırıq”.

Göründüyü kimi, ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının addımı Türkiyə tərəfindən çox sərt etirazla qarşılanıb. Lakin, hələlik Senat və Prezident bu sənədi təsdiq etmədiyi üçün bu addımı ABŞ hökuməti və Dövlət Departamentinin Ankaraya qarşı yürütdüyü siyasətinə ciddi təsir göstərməyəcək. Yəni, Nümayəndələr Palatasının bu qərarı əsasən Ankaraya qarşı təzyiq kimi qiymətləndirmək olar. Bu sənədin qəbulunda xüsusi rolu olan demokratlar çoxluğunun lideri Sten Hoyer də bildirib ki, sənəd yalnız tarixi əhəmiyyət daşıyır, bu, diplomatik mövqe sayılmır, ümumilikdə, Türkiyəyə deyil, Osmanlı imperiyasındakı hadisələrə qarşıdır. İclasda çıxış edərkən isə bəyan edib ki, “qərar erməni və kürd qardaşlarımız üçün bir siqnaldır ki, ABŞ onları heç vaxt tək buraxmaz”.

Bu qətnamə ilə bağlı Türkiyə mətbuatı yazır ki, “erməni soyqırımı”nın tanınması məsələsi hələ yanvar ayında Nümayəndələr Palatasına çıxarılmışdı. Lakin, bu günə kimi baxılmırdı, məhz indi - Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı əməliyyatı zamanı qəbul edilməsi ABŞ-ın Türkiyəyə qarşı düşmənçilik mövqeyində olmasını və onun kürd-erməni qruplaşmalarını açıq aydın şəkildə Türkiyəyə qarşı qaldırdığı görünür.
Artıq, Nümayəndələr Palatası Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına görə və eyni zamanda Suriyada anti-terror əməliyyatları həyata keçirməsinə görə sanksiya layihəsini qəbul edib. Bunun ardınca da Türkiyəyə qarşı daha yeni-yeni sanksiyalar tətbiq edilə bilər. Onu da qeyd edək ki, ABŞ-ın bu addımı İran, Türkiyə və Rusiyayanın münasibətlərində yeni mərhələnin başlanmasına səbəb olub.
Yuxarıda qeyd olunanlara baxmayaraq, ABŞ-ın strateji mənafeyini uydurma “erməni soyqırımı”nı tanımaqla qurban verməsi inandırıcı deyil. Təbii ki, ABŞ, Türkiyəyə qarşı müxtəlif sanksiyalar tətbiq edə bilər, lakin türk dünyasının ciddi narazılığına qarşı siyasi qərar verməz. Çünki, Türkiyə ABŞ-la ciddi tərəfdaşdır. Sadəcə olaraq ABŞ, uydurma “soyqırımı” iddiasından istifadə etməklə Türkiyəyə qarşı təzyiq göstərir.

Azər Ələşrəfov,

"Resurs" Analitik İnformasiya Mərkəzinin eksperti