Rasim Quliyev: "Beşinci kolon xaricə uzanan bir xətdir ki, onun sərhədi  iqtidar, müxalifət və eksləri əhatə edir. "

Məlum olduğu kimi, Tovuzda baş verən erməni təxribatına etiraz olaraq iyulun14-dən 15-nə keçən gecə Bakıda ordumuza dəstək yürüşü keçirilib. Həmin aksiyanın sonunda bir qrup şəxs təxribat törədərək parlamentin binasına daxil olub, müxtəlif radikal şüarlar səsləndirib. Sonra isə həmin təxribatçılar polislə toqquşmaya gedib, xidməti avtomobilləri aşırıblar.

Faktla bağlı cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanlarının yaydığı rəsmi bəyanatlardan aydın olur ki, həmin təxribatlarda radikal müxalif qüvvələr iştirak edib. Artıq həmin partiyanın bir neçə üzvü həbs edilib və barələrində məhkəmənin qərarı ilə həbs-qətiimkan tədbiri seçilib. Həbs edilənlər arasında partiyanın rəyasət heyətinin üzvü Asif Yusifli, fəallar Seymur Əhmədzadə, Mətanət Turan, Fərid Əsədov, Məhəmməd İmanlı və Elvin Məmmədov var.  Eyni zamanda bildirilir ki, Naxçıvan MR-in daxili işlər nazirinin sabiq müavini Siyavuş Mustafayev də eyni ittihamla həbs edilib. Bütün bunlardan sonra belə bir qənaətə gəlmək olarmı ki, orduya dəstək məqsədilə xalqın təşkil etdiyi aksiyadan radikal dairələrin öz xeyirlərinə istifadə niyyətləri olub?

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün kritik məqamlarda Azərbaycan xalqı öz ordusuna dəstək verməlidir: “Bunu həm ordumuzun hücum, həm də əks-hücum və müdafiə əməliyyatlarına aid edə bilərik. Bu bizim milli ruhumuzun, mənəvi-psixoloji vəziyyətimizin yüksək olduğunun göstəricisidir. Bununla eyni zamanda sübut olunur ki, cəmiyyətimiz işğalla barışmır, hər an səfərbər olub, düşmənlə döyüşə getməyə hazırdır. Həmin gün ordumuza və Ali Baş Komandana dəstək məqsədilə küçələrə axışan izdiham bunu bir daha sübut etdi. Bəlli oldu ki, belə həssas məqamda biz birləşməyə qadirik. Belə yüksək hissi və mənəvi dəstəyini ifadə edən izdihamın arasına bir neçə məqsədli adamın qarışması mümkündür. Bu izdihamın mahiyyətinə kölgə salmaq, Ali Baş Komandana, Milli Ordumuza dəstək izdihamının mahiyyətini dövlət və iqtidar əleyhinə çevirmək cəhdinin olduğu qənaətindəyəm. Belə izdihamı küçə xuliqanlığı səviyyəsinə endirmək cəhdi Azərbaycanda xarici dövlətlərin kəşfiyyatı ilə əlaqəli olan hazırlıqlı təxribatçı missionerlərin, siyasi və ideoloji təxribat törətmək istəyən bir çox başqa dairələrlə əlaqəli olan şəxslərin işi sayıla bilər. İnanıram ki, bu elə belə də olub. Erməni təxribatını planlasdıranlar Bakıda təxribat törətməyi sizcə nəzərə almayıblar? Cənab Prezident dəqiq hədəf səsləndirdi və besinci kolonla işi qurtarmağın vacibliyinə işarə etdi. Beşinci kolon xaricə uzanan bir xətdir ki, onun sərhədi  iqtidar, müxalifət və eksləri əhatə edir. Təkcə AXCP ilə kifayətlənsək,  bu şəbəkənin əhatə dairəsini çox kiçiltmiş və AXCP-ni çox böyütmüş olarıq. Hər halda, mən əminəm ki, təxribatcilar istintaq orqanları vasitəsilə ifşa olunaraq cəzalarını alacaqlar. Amma xalqın milli ruhunu ifadə edən, dövlətimizə, Milli Ordumuza dəstək ifadə olunan böyük izdihamı heç kim ləkələyə bilməz. Çünki bu faktdır, bu reallıqdır. Artıq ortada həbslər varsa, deməli, istintaq daha dəqiq məlumatlara malikdir. Buna verilən son hüquqi qiymət zamanı biz təxribatın kimlər tərəfindən planlaşdırıldığının açıq şahidi olacağıq”.

Bir neçə radikal müxalifət fəalı təxribat ittihamı ilə həbs olunubsa, deməli,  ortada ciddi sübut və dəlillər var. Təkcə bir faktı deyə bilərik ki, həmin gün bəzi başıpozuqların parlamentə girməsinə sosial şəbəkələrdə hansı səviyyədə reaksiya verilməsi kimlərin hansı niyyətləri güdüyünün ən aydın təzahürü sayıla bilər.