Bu gün bütün dünyanın diqqəti bəşəriyyətin bəlasına çevrilmiş koronavirusun həlli yollarına yönəlib. Çox təəssüf ki, bəşəriyyəti cənginə almış bu qorxunc bəla Azərbaycandan da yan keçmədi. Prezident Ilham Əliyevin göstərişi əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tövsiyələri birmənalı olaraq icra olunmur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, nə qədər ciddi rejim yaradılsa da, karantin rejimini pozanlara rast gəlmək olur.

 Ən əsası isə, karantin qaydalarına tabe olmamaqla bağlı təbliğat aparanlar da az deyil. Bu qəbildən olan insanlar pandemiyanın güya yalan olduğuna dair təsəvvürlər yaratmağa çalışırlar. Onlar başqalarını inandırmaq üçün belə bir arqumentlərdən istifadə edirlər:“Ölənlərin adı niyə açıqlanmır”, “Tanışlarınızdan, qohumlarınızdan bu xəstəliyə yoluxan varmı” və s. Geniş mənada götürəndə bunlar zəif arqumentlər sayılır. Çünki dünyanın heç bir ölkəsində xəstəliyə yoluxanların və bundan ölənlərin adları ayrı-ayrılıqda açıqlanmır, yalnız ümumi statistika verilir ki, buna Azərbaycanda da tam əməl edilir. O zaman belə arqument səsləndirənləri nə dərəcədə haqlı saya bilərik?

Rasim Quliyev:“Vətəndaşlarımız məhz rəsmi informasiyaya inanmalı, ordan verilən tövsiyələrə əməl etməlidirlər”

 "Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca maraqlı mövzudur:“Bu pandemiyanı Azərbaycan elan etməyib. Azərbaycan pandemiya ilə bağlı qaydaları sərtləşdirənə qədər dünyada görün neçə dövlət buna getmişdi. Həmin ölkələrin rəsmi məlumatlarında pandemiyanın olduğu, ölənlərin mövcudluğu qeyd olunurdu. Bütün dünyanı bürüyən bu təhlükəli halla bağlı hansı yalan ola bilər? Kimsə buna qadir ola bilərmi ki, belə yalanı uydursun? Pandemiyanı ÜST elan edib. Azərbaycanda kimsə buna inanmırsa, bu heç də o anlama gəlmir ki, dövlət qabaqlayıcı tədbirlər görməməlidir. Başqa ölkələrdə karantin qaydaları ilə bağlı daha sərt intzibati tədbirlər görürlər. Hətta buna görə həbslər də olur. Bizim ölkə administrartiv, inzibati tədbirləri ilə yanaşı öz humanistliyini də ortaya qoyur. Bu yöndə təbliğat və maarifləndirməyə daha çox üstünlük verilir. Azərbaycanda informasiyanı, ölənlərin, yoluxanların sayını rəsmi mənbə elan edirsə, hansı əsasla buna inanmamlıdırlar? Əks arqument qoyanlar isə qeyri-rəsmi şəxslərdi. Vətəndaşlarımız məhz rəsmi informasiyaya inanmalı, ordan verilən tövsiyələrə əməl etməlidirlər. Qeyri-rəsmi adam bəd ayaqda deyəcək ki, mən belə başa düşürdüm. Belə panikaları yayanlar üçün həm də məsuliyyət nəzərdə tutulur. Bunu bizim ölkəmiz başlamayıb. İstənilən halda, özümüzü dövlətimizin tövsiyələri əsasında müdafiə etməyə borcluyuq. Çox uğurlu da müdafiə tədbirləri görürük. Bir olub, dövlətimizin yanında olsaq, biz bu pandemiyaya tez bir zamanda qalib gələcəyik”. 

 

Məhəmmədəli QƏRİBLİ