Prezident İlham Əliyevin dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda olduqca yeni sayılacaq detallar var. Bildirilir ki, bundan sonra ölkə başçısının verdiyi sərəncam və fərmanların icrasına elektron nəzarət mexanizmləri tətbiq olunacaq.

Vacib olan məqamlardan biri də budur ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

– yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;

– Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası”.

Aydındır ki, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac var. Bu baxımdan icra başçılarının fəaliyyətinin yeni üsulla qiymətləndirilməsinin nə kimi əhəmiyyəti ola bilər?

  • Rasim Quliyev: “Atılan bu addımlar idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək”

 “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, atılan bu addımı da cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların tərkib hissəsi saya bilərik: “Bilirsiniz ki, bu islahatların anonsunu cənab Prezident 2018-ci ildə verdi. Yenidən Prezident seçiləndən sonra özünün inauqurasiya nitqində bu barədə danışdı. Sonra biz struktur və kadr islahatlarının həyata keçirildiyini gördük. Atılan bu addımların da idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcəyini  deyə bilərik. Bununla xalqla dövlət arasındakı ünsiyyət mexanizmlərinin daha da operativləşməsi təmin olunacaq. Bu sərəncam müəyyən strukturların işinin koordinasiya olunmasını təmin edəcək. Bu, eyni zamanda, müvafiq icra strukturlarının iş əmsalının ölçülməsində yaxşı vasitə olacaq. Hesab edirəm ki, yeni metodun daha çox iki aspekt üçün mühüm əhəmiyyəti olacaq. Həm cənab Prezidentin sərəncamlarına nəzarəti təmin edəcək, eyni zamanda, yerlərdəki icra strukturlarının fəaliyyətinin dəyərləndirilməsinə obyektiv qiymət verəcək. Düzdür, verilən bu sərəncamın həyata keçirilməsi üçün bir müddət vaxt sərf ediləcək. Çünki söhbət elektron resursların hazırlanmasından gedir. Həmin sistemin icra strukturuna inteqrasiya olunmasına bir qədər vaxt sərf ediləcək. Buna baxmayaraq, həddən artıq mütərəqqi, faydalı iş əmsalının yüksəlməsinə xidmət edəcək bir yenilikdir. Bu, icra strukturunda məsuliyyəti artıracaq. Bunun da nəticəsində səmərəlilik artacaq. Səmərəlilik artanda isə bundan qazanan dövlət və xalq olur”.

Məhəmmədəli QƏRİBLİ