Korotçenko: “Türkiyə-Rusiya mərkəzinin zabitləri vəzifələrini peşəkarcasına yerinə yetirir”

 

“Rusiyalı və türkiyəli zabitlər vəzifələrinin icrasına yüksək peşəkar yanaşma nümayiş etdirirlər. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin əsas vəzifəsi sülh və təhlükəsizliyə riayət olunmasına nəzarət etməkdir”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskva-Bakı telekörpüsü zamanı deyib.

Ekspertin fikrincə, 44 günlük müharibənin əsas nəticəsi Ermənistanın hərbi məğlubiyyəti və Azərbaycanın qələbəsi olub: “Beynəlxalq hüquq normaları, Rusiyanın rəsmi mövqeyi və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir. Rusiya kritik məqamda öz vasitəçilik xidmətlərini təklif etdi. İlk növbədə, ona görə ki, Rusiya tərəfi neytral mövqe tutmuşdu. Sülhməramlıların bölgəyə gəlişi xeyli sayda erməni hərbçini məhv olmaqdan xilas etdi. Məsələyə nöqtə qoyulmasaydı, Ermənistan ordusu tamamilə məğlub olardı”.

İ.Korotçenko Dağlıq Qarabağa səfəri ilə bağlı təəssüratlarını da bölüşüb: “Füzuli və Ağdamda oldum. Bir vaxtlar çiçəklənən, həyatın qızğın keçdiyi, insanların gələcəyini qurduğu və ailə qurduğu şəhərlərdən geryə qalan şeylər çox ağrılı təəssürat yaradır. Bu gün, təəssüf ki, bunların heç biri yoxdur. Hər şey məhv edilib. Bu gün Rusiya sülhməramlıları müharibənin bir daha Cənubi Qafqazda reallığa çevrilməməsini təmin etmək baxımından əhəmiyyətli rol oynayır”.

Ekspert nəqliyyat əlaqələrinin bərpasının ölkələrin iqtisadiyyatının inkişafındakı vacibliyini vurğulayıb: “Əlbəttə, nəqliyyat əlaqələrinin bərpa edilməsi və Azərbaycan ilə Naxçıvan arasında dəhlizin yaradılması regionda həyata keçiriləcək ən vacib və irimiqyaslı layihələrdən biridir. Bu, bütün ölkələrin, o cümlədən Ermənistanın güclü iqtisadi inkişafına təkan verəcək”.