Gürcüstan KİV-ləri: Paşinyan təslim oldu, müharibə bitdi: Prezident İlham Əliyev xalqa müraciət etdi

Gürcüstan KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti, müharibənin başa çatması və Ermənistanın məğlubiyyəti barədə çoxsaylı materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, bəzi telekanallar və internet televiziyaları Azərbaycan Prezidentinin müraciətini yayıb.

Yerli “report.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “interpressnews.ge”, “newsgeorgia.ge”, “dalgatv.ge”, “palitranews.ge” portalları və digər xəbər resursları Prezident İlham Əliyevə istinadən Azərbaycan, rus, ingilis və gürcü dillərində Azərbaycan Ordusunun qələbəsi, Ermənistanın məğlub olması, müharibənin başa çatması barədə oxucularına məlumatlar çatdırıblar.

Materiallarda qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən noyabrın 9-da tərəflər arasında razılaşma imzalanıb.

Həmçinin Azərbaycan Prezidentindən xüsusilə bu sitat gətirilir: “Faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”.

Bildirilir ki, bununla da uzun müddətdir davam edən münaqişəyə son qoyulacaq, Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğal edilən bütün ərazilər Azərbaycana qaytarılacaq və Türkiyə regionda yerləşdiriləcək sülhməramlı qüvvələrə qatılacaq.

Eyni zamanda, birgə bəyanatın elan edilməsindən sonra Ermənistanın paytaxtı Yerevanda baş nazir N.Paşinyanın istefasını tələb edən etirazların başladığı, nümayişçilərin hökumət binasını zəbt etdiyi diqqətə çatdırılıb.