Ehud Barak: Regionda sülhün bərqərar olması üçün səylərimizi birləşdirməliyik

Ərəb Dövlətləri Liqası regional münaqişələrin həlli ilə bağlı bir sıra məsələləri qaldırıb. Düşünürəm ki, regionda mövcud olan münaqişələrdə dini aspektlər mühüm rol oynayır. Ekstremist, radikal qüvvələr hər zaman və hər yerdə var. Amma təəssüf ki, bu, bizim regionda dominantlıq təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu İsrailin sabiq Baş naziri Ehud Barak IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 17-də “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusunda keçirilən panel iclasında deyib.

E.Barak bildirib: “Suriya, Yəmən, İraq və digər dövlətlərdə problemlər yaranır. Yaxın Şərqdə təhlükəsizlik narahatlıq doğurur. Bunun əziyyətini isə xalqlar çəkirlər. Bəs vəziyyətdən necə çıxmaq olar? Düşünürəm ki, İslam dünyasının alimləri bu məsələdə müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”ə əsasən kömək edə bilərlər”.

Sabiq Baş nazir qeyd edib ki, regionda sülhün bərqərar olması üçün səylərimizi birləşdirməliyik. Bizim fələstinlilərlə razılığa gəlməyimiz üçün imkanlar var.