BERNAMA agentliyi Şuşanın işğaldan azad olunması barədə xüsusi məqalə yayıb

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunması barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətinə geniş yer verilən məqalədə 28 ildən bəri işğal altında saxlanılan Şuşanın düşmən tapdağından azad edildiyi vurğulanıb. Azərbaycan Prezidentinə istinadən bildirilib ki, bu müddət ərzində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi heç bir nəticə verməyib. Bir çox əks bəyanatlara baxmayaraq, Azərbaycan Ordusu problemin hərbi yolla mümkünlüyünü döyüş meydanında sübuta yetirib.

Məqalədə qeyd olunub ki, Azərbaycanın əzəli torpaqları 30 ilə yaxın bir müddətdə işğal altında qalıb, danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq vaxt qazanmağa, status-kvonu möhkəmləndirməyə çalışıb. Həmçinin bu illər ərzində dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar Azərbaycanı vəziyyətlə barışmağa çağırıb. Lakin Azərbaycan xalqının qətiyyət, cəsarət, siyasi iradə göstərərək, öz maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədiyi vurğulanıb.

Yazıda Prezident İlham Əliyevin müraciətindən aşağıdakı sitat yer alıb: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”

Məqalənin sonunda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə qısa məlumat verilərək, işğal altındakı Dağlıq Qarabağ regionunun və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığı vurğulanıb.